İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Hindistan və Kanada “tarixi” nüvə enerjisi sazişi ilə münasibətləri yenidən qurur

Hindistan və Kanada diplomatik gərginlik səbəbilə kəskin şəkildə pisləşmiş münasibətləri bərpa etmək üçün Dehlidə baş tutan görüşdən sonra bir sıra razılaşmalar, o cümlədən 10 illik nüvə enerjisi sazişi imzalayıblar. Narendra Modi və Mark Carney texnologiya, kritik minerallar, kosmos, müdafiə və təhsil sahələrində də razılaşmalar əldə ediblər. Carney bildirib ki, tərəflər uzun illərdir müzakirə olunan azad ticarət sazişini 2026-cı ilin sonuna qədər yekunlaşdırmaq barədə razılaşıblar. Hər iki ölkə ABŞ-ın tətbiq etdiyi cəza xarakterli ticarət tariflərindən asılılığı azaltmaq istəyir. Carney hökuməti Hindistanla münasibətləri bərpa etməyə çalışır. Əvvəlki baş nazir Justin Trudeau 2023-cü ildə Kanadada sikh separatçısı Hardeep Singh Nijjarın qətlə yetirilməsində Dehlinin əlaqəsi olduğunu iddia etmişdi. Hindistan bu ittihamları qətiyyətlə rədd etmişdi. Bu qalmaqaldan sonra iki ölkə qarşılıqlı şəkildə diplomatları ölkədən çıxarmış və viza xidmətlərini dayandırmışdı. Kanadada böyük hind diasporası yaşayır. Carney və Modi bazar ertəsi görüşdə iki ölkə arasında uzunmüddətli münasibətləri və ortaq məqsədləri vurğulayıblar. Modi bildirib: “Mülki nüvə enerjisi sahəsində uzunmüddətli uran tədarükü üzrə tarixi saziş əldə etmişik. Kiçik modul reaktorlar və qabaqcıl reaktorlar üzərində də birlikdə işləyəcəyik. ”O əlavə edib ki, Hindistan və Kanada texnologiya və innovasiya sahəsində “təbii tərəfdaşlardır” və süni intellekt, superkompüterlər və yarımkeçiricilər sahəsində əməkdaşlığı genişləndirəcəklər. Həmçinin birgə bərpa olunan enerji sammiti keçiriləcək. Carney isə bildirib ki, Kanada enerjiyə böyük ehtiyacı olan Hindistanın nüvə yanacağı tələbatını ödəmək üçün əlverişli mövqedədir və iki ölkə strateji enerji tərəfdaşlığına start verir.O deyib: “Son bir ildə Kanada və Hindistan hökumətləri arasında son 20 ildən daha çox qarşılıqlı əlaqə olub. ”Ticarət məsələsində Modi bildirib ki, məqsəd ikitərəfli ticarəti 50 milyard dollara çatdırmaqdır və bu səbəbdən hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi tezliklə yekunlaşdırılacaq.Analitiklər qeyd edirlər ki, Carney-in Hindistanla münasibətləri normallaşdırmaq qərarı mövcud geosiyasi dəyişikliklər fonunda praqmatik addımdır. Hindistan da enerji sahəsində Rusiyadan asılılığı azaltmaq və yeni ticarət tərəfdaşları tapmaq istəyir. Sorğular göstərir ki, kanadalıların əksəriyyəti Hindistanla münasibətlərin bərpasını dəstəkləyir. Angus Reid tərəfindən aparılan son sorğuya görə, respondentlərin yarısı bunun “doğru zaman” olduğunu düşünür. Sorğu həmçinin göstərir ki, kanadalıların 30%-i Hindistana müsbət baxır, bu göstərici ABŞ üçün 26%-dir. Carney səfər çərçivəsində əvvəlcə Mumbayda iş adamları və nazirlərlə görüşüb. Dehlidə səfərini yekunlaşdırdıqdan sonra o, ticarəti şaxələndirmək və yeni investisiyalar cəlb etmək strategiyası çərçivəsində Avstraliya və Yaponiyaya yollanacaq.

Tərtib etdi:Jalə Əliyeva

Mənbə:BBC

Gundelik.az