Gundelik.az Elm və təhsil Ədəbiyyat Həsrətin, əzabın və Vətən eşqinin əbədi şairi: Cavad Cavadlı
Elm və təhsil Ədəbiyyat Xəbərlər

Həsrətin, əzabın və Vətən eşqinin əbədi şairi: Cavad Cavadlı

Aprel ayının 12-si dissident ədəbiyyatın tanınmış nümayəndəsi, Azərbaycan ədəbiyyatında sürgün mövzusunun əsas yaradıcılarından biri şair-publisist Cavad Cavadlının doğum gündür, 100 yaşı tamam olur. Şair Cavad Cavadlı ilə ilk tanışlığım  2010-cu ildə akademik İsa Həbibbəylinin  tapşırığı ilə NDU-nun Elmi Kitabxanasında  görüş keçirilən zaman tədbirdə mən də onun yaradıcılığı ila bağlı ürək sözlərimi bildirdim və  görüşün sonunda şair  ayrı-ayrı vaxtlarda yazdığı 3 kitabını mənə bağışlayaraq, çıxışımı çox bəyəndiyini bildirdi. Yaxından görərkən qeyri-ixtiyari şairin bu misraların xatırladım: Vaxt oldu ki,tapılmadı bircə tikə çörək də,”Düşmən oğlu” damğasını  çox gəzdirdim ürəkdə. Sanki  illər keçməsinə baxmayaraq yaşadığı o əzablı  həyat  onun nəinki şeirlərinə, səsinə, simasına da hopmuşdu.

Sonra elə oldu ki,  (bəlkə də akademik İsa Həbibbəyli də bu tədbirdəki çıxışımı nəzərə alıb) NDU-nun müəllimi Abbas Hacıyev Cavad Cavadlının yaradıcılığı ilə bağlı dissertasiya işi müdafıə edərkən Abbas  müəllimin opponenti təyin  olundum.  Onun yaradıcılığı ilə bağlı aparılan  ciddi elmi araşdırma ilə tanışlıq və elmi  proseslərdə yaxından iştirak məni  Cavad Cavadlı  irsini daha dərindən öyrənməyə sövq etdi. Və o zamandan  əzab və işgəncələrlə dolu ömür yaşayan Cavad Cavadlı irsinə xüsusi bir maraq yarandı.

Bildiyimiz kimi, XX əsrin ikinci yarısından etibarən ədəbiyyatda azadlıq ideyalarının bədii ifadəsi xüsusi aktuallıq kəsb edib. Totalitar rejimin hökm sürdüyü cəmiyyətdə söz azadlığına qoyulan məhdudiyyətlər yazıçı və şairlərin yaradıcılığında dissident ruhun formalaşmasına səbəb olmuşdur. Azərbaycan ədəbiyyatında bu istiqamədə fəaliyyət göstərən  müəlliflərdən biri də  şair-publisist Cavad Cavadlıdır. Onun yaradıcılığı azadlıq ideyalarının, milli kimlik məsələlərinin və ictimai ədalətsizliyə qarşı etirazın bədii nümunəsi  kimi diqqəti cəlb edir.Şairin  yaradıcılığı  dövrün sosial-siyasi reallıqlarına  həssas münasibəti ilə daha çox fərqlənir. Müəllif yalnız poetik obrazlar yaratmaqla kifayətlənmir, eyni zamanda, cəmiyyəti düşündürən problemlərə qarşı da  fəal mövqe nümayiş etdirir. Çünki o, təkcə şair deyil, sözün həqiqi mənasında, əsl vətəndaş idi. Onun qələmindən çıxan hər misra, hər fikir cəmiyyətin ağrılarına toxunan, susdurmağa çalışdıqları həqiqətləri üzə çıxaran bir çağırışdır. Müəllifin yaradıcılığında azadlıq ideyası sadəcə bir mövzu deyil, bir növ azadlıq onun düşüncə tərzinin, həyat mövqeyinin əsasını təşkil edir:

Nə çəkinin , nə şəkk edin

Bu sözləri siz həkk edin,

Məzarımın daşı üstə :

“Hər baxışım qılınc oldu

Haqsızlığın  başı üstdə”.

Həm də onun əsərlərində azadlıq anlayışı yalnız siyasi müstəqilliklə məhdudlaşmır. Bu azadlıq həm də insanın daxili dünyasının azadlığıdır – düşünmək, danışmaq, etiraz etmək azadlığıdır. Şair oxucunu düşünməyə, tarixini, keçmişini, kimliyini öyrənməyə və nəticə çıxarmağa   çağırır. “Ağlama, nənəm, ağlama”adlı şeirində olduğu kimi:

Cəllad bu əməlin deyil bir hünər,

Zaman belə getməz, gərdişi dönər,

Ocaq söndürənin ocağı sönər,

Zülm ilə ucalan zülm ilə enər

Ağlama, nənəm, ağlama!

Həsrətin, əzabın və Vətən eşqinin əbədi şairi olan Cavad Cavadlının  şeirlərində qürbətin acısı, ana torpağa olan sevgisi və  azadlıq eşqi birləşərək oxucunu həm düşündürür, həm də duyğulandırır:

Düşmən salıb bizi yaman bir günə,

Qış çağında göndərildik sürgünə,

Saya gəlməz ölüm düşür hər günə

Sənə qalıb bircə ümid ,inam gəl,

Azərbaycan, mənim doğma anam, gəl!

Sürgün həyatı yaşayaraq öz səsini çatdırmaq üçün rüzgara belə möhtac qalması və bu yolla yaşadıqları ağrı-acını Azərbaycana çatdırmaq istəyi şairin həyat yolunun nə qədər keşməkeşli və çətin olduğunun ən bariz nümunəsidir..

Müəllif cəmiyyətin problemlərini çəkinmədən dilə gətirir, ədalətsizlikləri ifşa edərək , haqq səsini ucaltmaqdan qorxmur. Həyatından və o zaman  ölkədə höküm sürən şəraitdən narazı olan şair “Şikayət” adlı şeirində yazır:

Kimdir həqiqəti dananlar, kimdir?

Gör kimin əlində qaldı ixtiyar!

Beş-altı yaltaqlar bizə hakimdir,

Gör kimlər olmuşdur bizə hökmdar!

Azadlıq və milli kimlik anlayışları müəllifin yaradıcılığında bir-birini tamamlayan iki əsas xətt kimi çıxış edir. Bu ideyalar bir-birindən ayrılmaz şəkildə təqdim olunur və müəllif bu vəhdət vasitəsi ilə həm fərdi, həm də milli azadlığın vacibliyini vurğulayır.“Zindandan məktublar, zindana məktublar” (1969) poemasında

Bura göndərirlər ancaq yadları,

Hamısı, hamısı türk övladları.

Hər bağdan ən yaxşı gül dərilibdir,

Vaxtsız solmaq üçün göndərilibdir.

Həqiqətən də, Cavad Cavadlı yaradıcılığı azadlıq və milli kimlik ideyalarının bədii və publisistik vəhdətini özündə əks etdirən dəyərli irsdir. O, milli kimliyi sadəcə mənsubiyyət kimi deyil, bir məsuliyyət kimi təqdim edir. Müəllifə görə, öz dilini, tarixini və mədəniyyətini unudan xalq gələcəyini də itirmək təhlükəsi ilə üz-üzə qalar. Bu səbəbdən o, əsərlərində tez-tez milli dəyərlərə qayıdış ideyasını ön plana çəkir.”XXəsrin dərdi “ adlı şeirində olduğu kimi:

Kənddəki yurdunu unudan bir kəs,

Şəhərdə bəxtiyar yaşaya bilməz-deyərək, dogma kəndini tərk edib şəhərə üz tutanlara qarşı özünün kəskin etirazını bildirməkdən çəkinmir.Onun publisistik yazılarında isə bu məsələlər daha sərt və açıq şəkildə ifadə olunur. Bu şeir doğma ocağın əzizliyini və əziz olduğu qədər də şirinliyini tərənnüm edən bədii əsər kimi qiymətlidir. C.Cavadlının bu şeiri oxucularda vətənə, torpağa bağlılıq hisslərini aşılayan dəyərli əsərdir.

Onun şeirlərində 37-ci ildəki Azərbaycan kəndində gedən proseslər, sürgün həyatının dəhşətləri, onun ibrət dərsləri real şəkildə, yaddaqalan, hadisələrin və oxşar taleli insanların timsalında ustalıqla əks olunmuşdur. Doğma ev-eşiklərindən ayrı düşənlər hər an o yerlərin həsrəti ilə yaşayır, yurd yerlərini  unuda bilmirlər:

Qoyunu, quzunu verdilər qurda

Bir də çətin düşə güzarım yurda.

Qara çörəyə də həsrətik burda

Pendirindən göndər, şorundan göndər.

Etiraf edək ki, Azərbaycan şair üçün doğma və əziz olsa da, doğulub, boya-başa çatdığı Dəmirçi kəndinə həsrət şairin şeirlərində daha çox hiss olunur. Şairin “Ayrıldım” şeiri bu həsrəti oxucuya daha da aydın hiss etdirir:

Düşünürəm, ömrümü qəm bürüyür

Atam şoxdan zindanlarda çürüyür,

Görən düşmən bizi hara sürüyür,

Doğma kəndin qucağından ayrıldım!

Şair qürbət duyğularını, ürəyində daşıdığı ümidini və həmişə yaşatdığı Vətən sevgisini sanki oxucunun qəlbinə köçürür. Cavad Cavadlı  poeziyası həm öz dövrünün, həm də bütün zamanların insanlarına Vətən sevgisi ilə dolu bir məktubdur.  Vətən eşqi Cavad Cavadlının  yaradıcılığında bəzi məqamlarda  Tanrı eşqi səviyyəsinə yüksəlir. Vətən şair üçün Məkkə, Mədinəyə çevrilir. Naxçıvan  torpağı, Şərur rayonunun Dəmirçi kəndi sanki onun Kəbəsidir. Bu məqamda böyük şair Nəsiminin bir beyti yadıma düşdü :

Kəbə eşqinə varanın sidqi niyaz olar, vəli

Mənzilə aqibət izər, kim ki, bu rah içindədir…

Vətəndən uzaqlarda  sürgündə olmasına baxmayaraq  şair  hər zaman doğulduğu dogma yurdu ilə  nəfəs alır, “düşmən qollarımı zəncirləsə də  ruhum azaddır, səninlədir” deyərək   daim ana yurduna qovuşmaq xəyalı ilə yaşayır. Bir gün yurduna dönmək həsrəti ilə hər gələn günə ümid bəsləyir. Yaradıcılığında doğma kəndi Dəmirçiyə dəfələrlə müraciət edən şair onu gözləri önündə canlandıraraq, doğülduğu dogma yurdunun canlı, obrazını yaradır:

Harda olsam gözüm səni hey arar

Sənsiz qəlbim biqərardır, biqərar.

Sevgin məni hər ölümdən qurtarar

A kəndim!

 

Çətin sənin torpağından qoparam

Külək olub eldən-elə çaparam.

Gəzib-gəzib axır səni taparam

Göz açandan səni sevib bəyəndim

A kəndim! A kəndim!

Qeyd edim ki, Cavad Cavadlının  yaradıcılığında Ana obrazı xüsusi yer tutur. “Ana ölümü”, “Acı nağıl”, “Sürgündə gördüyüm analar”,”Anamın məzarında” və s.əsərlərində  əsas mövzu anadır.Əlləri qabar, ürəyi qüssədən ağlayan, çarəsizlikdən göz yaşları qurumayan “Anam, görən  hara gedir bu yollar “adlı şeirində 37-ci il faciəsinin əsl mahiyyətini ,səbəb və nəticələrini açıqlayır.  Sürgün olunan insanların yol boyu başına gələn çətinliklər, məhrumiyyətlər dolu bir həyatı əks olunur. Bu analar sürgün həyatının bütün məşəqqətlərini mərdi-mərdanə yaşamış, adını, ismətini hər şeydən uca tutmuş insanlar kimi yaddaşlarda yaşayır:

Didərginəm öz obamdan elimdən,,

Düz söz desəm asılaram dilimdən.

Bir uşağam ,de nə gəlir əlimdən,!

Hələ kövrək ,çəlimsizdir bu qollar,

Anam, görən hara gedir bu yollar?!

Sürgün dövrü anaların, uşaqların acı fəryadını şair ürək ağrısı ilə qələmə almışdır.Bunlar adi  bir şeir deyil,ağır işgəncələrə məruz qalan anaların, uşaqların acı fəryadı və bu fəryaddan təsirlənib od alan şairin ürəyinin çırpıntılarıdı. Sanki şair bu əsərləri qələminin mürəkkəbi ilə deyil, ürəyinin qanı ilə yazmışdır.

Əsərlərindən də göründüyü kimi,Cavad Cavadlının  ömür yolu heç də asan olmamışdır.Elə bu səbədən onun yazılarında  daha çox kədər, qəm notları hakimdir.  İllərlə vətən torpağının həsrətini ürəyində gəzdirən, sürgün həyatı yaşamağa məcbur olan  şair bəzən tənhalığa, pessimizmə qatılır:

Qaçdım bu yerlərdən yuxusuz, həm ac,

Gözlərim bir tanış adama möhtac.

O qərib yollarda yorğun, yalavac.

Qəhərləndim, için-için ağladım!

Dərd, qəm yüklü söz və misralar şairin yaradıcılığında xüsusi bir silsilə təşkil edir. Şair  sanki təsəllisini şeirdə, sözdə tapır. İnsanların başına gətrilən müsibətləri, dərd-qəm yükünü sözlə ifadə edərək can yanğısının odunu, alovunu  sözlə söndürmək, ovundurmaq istəyir.

Şairin yaradıcılığında   poemaları da  xüsusi əhəmiyyət əhəmiyyət daşıyır. C.Cavadlı gənclik illərində yaddaşına əbədi həkk olunmuş o həyatı genişliyi ilə təsvir etmək, oxucularda dolğun təsəvvür yaratmaq üçün qiymətli poemalar da yazmışdır. “Sürgün”, “Ata yurdu”, “Canlı şəhidlər”, “Sürgündə gördüyüm analar”, “Zindandan məktublar, zindana məktublar”, “Qeyrət”, “İtkin bacılar”, “Ana ölümü”, “Düşmən iti”, “Acı nağıl, “Məsmə xala” və s. adlı poemalarında da dövrün haqsızlıqları, insanların başına gətrilən müsibətlər, 37-ci ilin dəhşətləri real boyalarla  təsvir olunmuşdur.

Şair-publisist Cavad Cavadlının yaradıcılığını fərqləndirən əsas cəhətlərdən biri də onun dilinin sadə, rəvan və axıcı olmasıdır. O, mürəkkəb fikirləri belə sadə, lakin emosional və təsirli şəkildə ifadə etməyi bacarır.Onun dilinin sadə və axıcı olmasının nəticəsidir ki, əlliyə qədər şeirinə tanınmış bəstəkarlardan Səid Rüstəmov, Süleyman Ələsgərov, Şəfiqə Axundova, Ramiz Mirişli, Nəriman Məmmədov, Oqtay Zülfüqarov və başqaları mahnı bəstələmişdir.

Milli istiqlal poeziyamızın ən duyğusal, parlaq və səmimi simalarından biri olan , həyatı ictimai-siyasi tufanlardan,  fırtınalardan keçən, məşəqqətlərin girdabına atıldıqca vətən eşqi, yurd sevgisi sönməyən,demək olar ki, həyatı və bütövlükdə yaradıcılığı dərddən yoğrulan şai-publisist Cavad Cavadlının bədii irsi illər keçməsinə baxmayaraq  bu gün də yaşayır və düşündürür.

Aypara Behbudova Filologiya üzrə fəlsəfə doktoru, dosent Naxçıvan Dövlət Universiteti

Gundelik.az 

Exit mobile version