Google və digər süni intellekt şirkətləri AI çatbotlarının dezinformasiyaya alətə çevrilməsinin qarşısını almağa çalışır. BBC-nin araşdırması göstərib ki, sadə üsullarla AI sistemlərini aldadaraq ictimaiyyətə yanlış məlumat yaydırmaq mümkündür.
Jurnalist Thomas Germain fevral ayında bunun nə qədər asan olduğunu yoxlamaq qərarına gəlib. O, şəxsi saytında özünü “dünya çempionu hot-doq yeyəni” kimi təqdim edən saxta məqalə yerləşdirib. Cəmi 20 dəqiqə sonra isə OpenAI-ın ChatGPT-si, Google Gemini sistemi və Google Search-dəki AI Overviews bu yalan məlumatı həqiqət kimi yaymağa başlayıb.
Araşdırma zamanı məlum olub ki, bu üsul təkcə zarafat üçün deyil, daha ciddi mövzularda da istifadə edilir. Bəzi şirkətlər tibbi əlavələr haqqında sağlamlıq risklərini gizlətmək və ya maliyyə mövzularında insanlara təsir etmək üçün AI sistemlərini manipulyasiya edirlər.
SEO və AI axtarış üzrə mütəxəssis Lily Ray bildirir ki, problem çox təhlükəlidir:
“Əvvəllər Google sizə 10 fərqli link göstərirdi və siz araşdırma aparırdınız. İndi isə AI bir cavab verir və insanlar onu avtomatik doğru hesab edir.”
Mütəxəssislərin sözlərinə görə, çatbotlar bəzən yalnız bir bloq yazısına və ya sosial media paylaşımına əsaslanaraq cavab hazırlayır. Bu isə saxta məlumatların yayılmasını asanlaşdırır.
Google isə bildirib ki, AI cavablarını manipulyasiya etmək artıq rəsmi olaraq spam qaydalarının pozulması sayılır. Şirkət belə saytların axtarış nəticələrində aşağı salına və ya tamamilə silinə biləcəyini açıqlayıb.
Buna baxmayaraq, ekspertlər hesab edir ki, problem hələ də həll olunmayıb. SEO mütəxəssisi Harpreet Chatha deyir ki, Google “whack-a-mole” — yəni bir problemi həll etdikcə yenisinin ortaya çıxdığı bir mübarizə aparır.
Araşdırmada qeyd olunur ki, manipulyasiya edənlər indi bloqlar əvəzinə YouTube influenserlərindən istifadə etməyə başlayıblar. Çünki AI sistemləri artıq videolardan da məlumat götürür.
Ekspertlərin fikrincə, hazırda istifadəçilərin ən yaxşı müdafiəsi AI cavablarına kor-koranə inanmamaqdır. Çünki süni intellekt çox inamlı görünən, amma yanlış ola bilən cavablar verə bilir.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
