Məhsuldarlığı artırmaq məqsədilə “Google” ötən il kiçik komandaları idarə edən menecerlərinin 35 faizini işdən azad edib.
Gundelik.az xəbər ki, bu barədə şirkətin insan analitikası və performans üzrə vitse-prezidenti Brayan Uell əməkdaşlarla görüşündə məlumat verib.
Onun sözlərinə görə, hazırda şirkətdə əvvəlki illə müqayisədə menecerlərin sayı 35 faiz azdır və onların birbaşa hesabat verdiyi işçilərin də sayı xeyli azalıb. “Bu, daha sürətli irəliləyiş deməkdir”, – deyə Uell qeyd edib.
Google xüsusilə üçdən az işçini idarə edən rəhbər vəzifələrin sayını ixtisar edib. Şirkət bu şəxslərin əksəriyyətini fərdi töhfə verən əməkdaşlar kimi saxlamağa üstünlük verib.
Şirkətin baş direktoru Sundar Pichai vurğulayıb ki, Google genişləndikcə hər problemi yeni işçilərin qəbulu ilə deyil, mövcud resursların daha səmərəli idarə olunması ilə həll etməlidir.
İxtisarlar və könüllü ayrılmalar
2023-cü ildə “Google” işçi qüvvəsinin təxminən 6 faizini ixtisar edib. 2024-cü ilin sonunda vəzifəyə başlayan maliyyə direktoru Anat Aşkenazi isə xərclərin azaldılması prosesinin davam etdiriləcəyini bildirib.
Bu il şirkət axtarış, marketinq, aparat və insan resursları bölmələrində Könüllü Ayrılma Proqramı (VEP) tətbiq edib. İnsan resursları direktoru Fiona Cicconi açıqlayıb ki, həmin komandalardakı əməkdaşların 3-5 faizi proqramdan yararlanıb. Onun sözlərinə görə, işdən könüllü ayrılanların çoxu karyerasına fasilə vermək və ya ailəsinə daha çox vaxt ayırmaq istəyib.
Pichai isə bu proqramı müsbət addım adlandıraraq, “çünki işçilərə seçim imkanı verir”, – deyə qeyd edib.
Meta ilə müqayisə
Yığıncaqda bəzi əməkdaşlar “Google”un Meta-nın tətbiq etdiyi, beşillik iş təcrübəsi olanlara bir aylıq ödənişli məzuniyyət imkanı yaradıb-yaratmayacağını soruşublar. Google rəhbərliyi isə hazırkı məzuniyyət və icazə hüquqlarının kifayət etdiyini, əlavə proqramların planlaşdırılmadığını bildirib.
Pichai zarafatla “Meta-nın bütün siyasətlərini götürüb şirkəti bu şəkildə idarə etməliyik, yoxsa sadəcə bizə uyğun olanları seçməliyik?” deyə cavab verib.
Hazırda “Google” həm ixtisarlar, həm könüllü ayrılmalar, həm də rəhbər heyətinin azaldılması yolu ilə optimallaşdırma siyasətini davam etdirir. Lakin bu strategiya əməkdaşlar arasında iş təhlükəsizliyi və şirkət mədəniyyəti ilə bağlı narahatlıqlar doğursa da, rəhbərlik effektivliyə əsaslanan yanaşmasından geri çəkilməyi planlaşdırmır.
Gundelik.az
