Bu gündən Finlandiyanın Qərbi Uusimaa bölgəsində polisin iki günlük tətili başlayıb.
Gundelik.az bu barədə “Yle” portalına istinadən xəbər verir.
“Çərşənbə axşamı və çərşənbə günü bütün polis bölmələri bağlanacaq, hüquqpozmalar, sığınacaq və ya müvəqqəti müdafiə ilə bağlı şikayətləri şəxsən stansiyada təqdim etmək mümkün olmayacaq. Görüşlər ləğv ediləcək, lisenziya və icazələrin verilməsi dayandırılacaq”, – məlumatda bildirilib.
Qeyd olunub ki, elektron xidmətlər hələ də mövcud olacaq, lakin ərizələrin və pozuntular haqqında hesabatların işlənməsi yalnız tətildən sonra başlayacaq.
“Təcili hallarda başqa rayonlarda yerləşən polis bölmələrinə müraciət edə bilərsiniz”, – məlumatda vurğulanıb.
“Tətildə həbsxana işçiləri də iştirak edir. Məhkumların sağlamlığının qorunması və qidalanması ilə bağlı tapşırıqlar yerinə yetirilir, lakin bütün digər işlər dayandırılıb”, – məlumatda bildirilib.
Məlumata görə, tətil 80 000-ə yaxın işçini əhatə edən əmək haqqı danışıqlarının dayandırılması ilə əlaqədardır.
Qeyd edək ki, Finlandiya dövlət qulluqçuları onilliklərdir ki, tətil etmirdilər. Ölkə polisi sonuncu dəfə 1976-cı ildə etiraz aksiyası keçirib, dövlət qulluqçularının tətili isə on il sonra baş verib.
Gundelik.az

