Riyaziyyatçı-filosof, fəlsəfə doktoru və yazıçı Əli Şirin Şükürlü ilə elm, fəlsəfə və bilik anlayışının sərhədləri barədə maraqlı söhbət etdik. Müsahibədə o, elm və fəlsəfənin bir-birini tamamlayan, həm də ziddiyyətlər üzərindən inkişaf edən sahələr olduğunu izah edir. Əli Şirin Şükürlü həmçinin insanın özünü dərkinin dünya dərkindəki rolunu, bilik və şüurun mahiyyətini və elmin fəlsəfi refleksiyalarla necə vəhdət təşkil etdiyini dərin təhlillərlə oxuculara çatdırır.
Müsahibə çərçivəsində həmçinin onun oxşarlıqlar nəzəriyyəsi, ehtimal və təsadüfi proseslər sahəsində elmi fəaliyyətləri, eləcə də bilik və insan uğuru barədə fəlsəfi baxışları diqqət mərkəzindədir. Əli Şirin Şükürlü, analitik düşüncənin, seçim və özünüyaratma prosesinin insanın uğur qazanmasında necə rol oynadığını oxucularla bölüşür və elm ilə fəlsəfənin dinamik əlaqələrini praktik nümunələrlə izah edir.
Bu müsahibə oxuculara həm elmi, həm fəlsəfi, həm də şəxsi inkişaf perspektivindən dəyərli təhlillər təqdim edir və bilik, şüur və özünü dərk mövzularında yeni düşüncə üfüqləri açır.
Müsahibəni Gundelik.az oxucularına təqdim edirik:
Sizcə, elm və fəlsəfə bir-birini tamamlayan sahələrdirmi, yoxsa bəzən bir-birinə zidd mövqedə dayanırlar?
— Elm və fəlsəfə daim bir-biri ilə qarşılıqlı əlaqədə olub. Həm elmi faktlar fəlsəfənin araşdırma predmetinə çevrilib, həm də tərsinə: fəlsəfi fikir elmdə yeniliyə, təkamülə səbəb olub. Bir məsələ fakt olaraq qəbul olunmalıdır ki, fəlsəfə kainatı, insanı, insanın dünyaya münasibətini, ümumiyyətlə, varlığı anlayıb izah etməyə, mənalandırmağa cəhd edir və bu mənada, fəlsəfə bilmədiklərimiz üzərində qurulan düşüncə şəbəkəsidir. Elm isə artıq varlıq haqqında bilikdir.
Məsələn, fəlsəfədə atomist nəzəriyyə olub, bu nəzəriyyənin məşhur nümayəndəsi, antik dövr yunan filosofu Demokritdir. Onun fikrinə görə, dünyanın əsasında (substansiya) bölünməz kiçik maddələr – atomlar dayanır. Amma fizika elminin inkişafı 20-ci əsrdə atomların bölünən olduğunu isbat edti. Buna baxmayaraq, bu fəlsəfi konsepsiya müasir atomist nəzəriyyə üçün ilkin konseptual baza rolunu oynamış oldu. Elm və fəlsəfənin əlaqəsi ilə bağlı bu kimi çoxlu nümunə göstərmək olar. Yəni elm və fəlsəfə həm bir-birini tamamlayıb, bir-birinə fikir impulsu verir, həm də müəyən ziddiyyətlər doğurur ki, əslində, bu ziddiyyətlər, həm elmi sahələrin, həm də fəlsəfi fikrin inkişafına yol açır. Yəqin elm və fəlsəfənin əlaqəsi barədə mənə ünvanladığınız suallar təsadüfi deyil. Mənim elmi fəaliyyətimin bir istiqaməti ehtimal nəzəriyyəsi və onun bir bölməsi olan təsadüfi proseslərin, digər istiqaməti isə elm fəlsəfəsi – əsasən qeyri-səlis çoxluqlar nəzəriyyəsi və bu nəzəriyyə əsasında yaranan qeyri-səlis məntiq konseptinin fəlsəfi təhlili ilə bağlıdır. Maraqlı, həm də sualınıza cavab olar deyə, elm və fəlsəfənin vəhdətində ərsəyə gələn bir nəzəriyyəm – oxşarlıqlar nəzəriyyəsi barədə qısa məlumat verim: Əsas elmi məqsəd müxtəlif sahələrə aid prosesləri sahələr üzrə qruplaşdırmaq, onlar arasında oxşarlıq və korrelyasiyanı – asılılığı müəyyənləşdirərək fəlsəfi qənaətə gəlmək oldu ki, bunun da praktik əhəmiyyəti olacağına çox əminəm. Nəzəriyyədən alınan fəlsəfi tezislər bunlardır: 1.Kainat və onun hər bir maddi varlığı eyni qanunauyğunluqla təkamül və tükənmədədir. 2. 0 (sıfır) nöqtənin – tükənmə anının (entropiyanın maksimal halı) mövcudluğu zəruridir.
Bilik” anlayışını siz necə təyin edirsiniz — bu sadəcə məlumat toplamaqdır, yoxsa daha dərin bir şüurdur?
— Təbii ki, bilik idraki bir aktdır. Bilik yalnız məlumat – data deyil, əldə olunan məlumatların sistemləşdirilməsi, analiz edib, məntiqi, elmi nəticələr əldə edərək, bir çox sahələrə tətbiqi ilə nəticələn prosesdir. Bilik əsasında analitik təfəkkür dayanır, bu mənada, əlbəttə, bilik dərin şüur, idrak əsaslı məlumatlar toplusudur. Hegel dialektikasında Mütləq ideyanın inkişafı üç mərhələdən keçərək triada yaradır: Tezis antitezisə keçir və sonda yenə tezislə yekunlaşır.
Mütləq ideya öz ilkin reallığının mövcud olduğu brinci mərhələdən (bu mərhələni filosof loqika adlandırır) ikinci mərhələyə keçib maddi dünyanı yaradakən tezis mərhələsindən antitezis mərhələsinə keçir. Üçüncü mərhələdə isə yenidən Mütləq ideyaya qayıdış (tezislə yekunlaşma) baş verir. Bu mərhələdə isə o, xüsusi forma alır – ya elmi biliyə, ya da incəsənətə çevrilir. Bu konteksdə K.Popperin epistemoloji baxışı da maraqlıdır: Reallıq üç dünyadan ibarətdir. Birinci dünya obyektiv mövcud olanların, ikinci dünya subyektin (empirik, rasional və s. dərkedilən və ya dərkedilməyən), üçüncü dünya elmi-yaradıcı fəaliyyətin (miflər, elmi nəzəriyyələr, incəsənət əsərləri və s.) yaratdığı dünyadır. Onun fikrincə (və hesab edirik tamamilə haqlıdır), hər üç dünya daimi vəhdət halındadır – üçüncü dünya yaratdığı obyektlər vasitəsilə birinci dünyanı dəyişdirib ikinci dünyaya uyğunlaşdırır. Maraqlı olar deyə, iki filosofdan nümunə göstərdim, təbii, bu barədə daha geniş danışmaq olar. Bu fəlsəfi refleksiyalar nəyi ifadə edir: biliyin analitik, təhlili xarakterli xüsusiyyətə malik olduğunu.
Əgər insan özünü dərk etmirsə, dünyanın dərkində uğur qazana bilərmi?
— İnsanın özünü dərki elə dünya dərkinin tərkib hissəsidir. Kosmologiyada bir model var: Kainatın fraktal modeli. Bu modelə əsasən, kainat özünə bənzər strukturlardan ibarətdir. Əgər insana dünyanın kiçik bir modeli kimi yanaşsaq, özünü dərk elə dünya dərkinə aparan yoldur. İnsanın dünya dərkində, ümumiyətlə, uğur qazanması isə əsasən özünü yaratması ilə bağlıdır. Yəni insan, Sartrın təbirincə, özü özünü seçir və seçim əsasında öz fəaliyyətini tənzimləyir. Özünüyaratma isə seçim, seçim əsasında fəaliyyət və özünü tanıtma ilə bağlıdır. Hesab edirəm bu üç komponent insanın uğur qazanmasını şərtləndirən əsas amillərdir. Məsələ burasındadır ki, bu mənim uğur anlayışına yanaşmamdır. Bu anlayış o qədər çoxqatlı təbiətə malikdir, şərti xarakter daşıya bilər. Başqalarının münasibəti bu konteksdə fərqli ola bilər. Necə ki, xöşbəxtlik anlayışı; yanaşmadan asılı olaraq fərqli xüsusiyyətlər daşıya bilər – hansısa bir hal – həyat hadisəsi kimçünsə səadət sayılırsa, başqası üçün əksinə.
Maraqlı müsahibə üçün Əli Şirin müəllim Şükürlüyə təşəkkür edirik.
Gundelik.az
