Bazar ertəsi gecə Əfqanıstanın şimalında 6,3 bal gücündə zəlzələ baş verib.
Gundelik.az xəbər verir ki, CNN-in Əfqanıstan Milli Fəlakət İdarəsinə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində azı 5 nəfər həlak olub, 150-dən çox insan yaralanıb.
Digər mənbələr isə ölənlərin sayının 7, yaralıların sayının isə 200-ü keçdiyini bildirir.
ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin episentri Bəlx vilayətinin inzibati mərkəzi və ölkənin ən böyük şəhərlərindən biri olan Məzari-Şərifin yaxınlığında, 28 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar nəticəsində Məzari-Şərifdə yerləşən tarixi Göy məscidə də ziyan dəyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə məscidin yaxınlığında dağıntıların olduğu görünür.
Zəlzələ Qazaxıstan, Özbəkistan və Tacikistanda da hiss edilib, lakin bu ölkələrdə dağıntı və ya tələfat barədə məlumat verilməyib.
Gundelik.az

