Gundelik.az Dünya Dünyanın ən qədim kəhrəbası aşkar edilib: 385 milyon illik həyat izi
Dünya Mədəniyyət və cəmiyyət Xəbərlər

Dünyanın ən qədim kəhrəbası aşkar edilib: 385 milyon illik həyat izi

Çinin şimal-qərbində yerləşən kömür yatağında tapılan mikroskopik kəhrəba parçaları alimləri heyrətləndirib. Araşdırmalar göstərib ki, bu nümunələr təxminən 385 milyon il əvvələ aiddir. Bu isə indiyədək məlum olan ən qədim kəhrəbadan 65 milyon il daha qədimdir və dinozavrların meydana çıxmasından təxminən 150 milyon il əvvələ təsadüf edir.

Paleontoloqların fikrincə, bu tapıntı bitkilərin özlərini həşəratlardan və digər xarici təsirlərdən qorumaq üçün ifraz etdiyi qatranın (reçinənin) fosilləşmiş forması olan kəhrəbanın mənşəyi haqqında mövcud təsəvvürləri dəyişdirə bilər.

Toxumsuz bitkilər də mürəkkəb qatran istehsal edib

Çin Elmlər Akademiyasının paleontoloqu Luo Cihangın rəhbərlik etdiyi tədqiqat qrupu bildirir ki, bu kəşf bitki təkamülünün öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əvvəllər ən qədim kəhrəba nümunələrinin Karbon dövrünə aid olduğu və toxumlu bitkilər tərəfindən əmələ gətirildiyi düşünülürdü. Lakin yeni tapıntılar göstərir ki, toxumlu bitkilər meydana çıxmazdan xeyli əvvəl yaşayan toxumsuz damar bitkiləri də mürəkkəb kimyəvi tərkibli qatranlar istehsal edə bilirmiş.

Alimlər hesab edirlər ki, qatran istehsalı bitkilərin quruda yayılması və yaşaması üçün kök sistemi, yarpaqlar və oduncaqlı gövdələrin inkişafı qədər mühüm rol oynayıb.

Kömür laylarında gizlənən mikroskopik izlər

Aşkarlanan qədim kəhrəba iri və parlaq daşlar şəklində deyil, kömür laylarının arasında sıxılmış mikroskopik hissəciklər formasında tapılıb.

Tədqiqatçılar kömür nümunələrini infraqırmızı spektroskopiya üsulu ilə araşdırarkən parıldayan üzvi maddələr müəyyən ediblər. Daha sonra aparılan dəqiq kimyəvi analizlər nəticəsində bu maddələrin həqiqətən kəhrəba olduğu və müasir kəhrəbalarla oxşar xüsusiyyətlər daşıdığı təsdiqlənib.

Qədim ekosistemin müdafiə mexanizmi

Qatranın hansı nəsli kəsilmiş bitki qrupundan ifraz olunduğu hələ dəqiq məlum deyil. Bununla belə, alimlər hesab edirlər ki, həmin dövrdə tez-tez baş verən meşə yanğınları, parazit göbələklər və digər ekoloji təhdidlər bitkiləri müdafiə məqsədilə qatran istehsal etməyə sövq edib.

Milyonlarla il əvvəl yaranmış bu qoruyucu mexanizm bu gün də təbiətin ən davamlı və uğurlu uyğunlaşma nümunələrindən biri hesab olunur.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version