Gundelik.az Xəbərlər Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri
xanım Xalida Bufedeç ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova həmkarını bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə iki dost ölkə arasında münasibətlərin perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycan və Əlcəzair arasında əlaqələri bundan sonra da inkişaf etdirmək üçün yaxşı imkanlar var. Söhbətdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığından məmnunluq ifadə olunub.
Fikir mübadiləsi zamanı parlamentlərimiz arasında əlaqələrin əhəmiyyəti qeyd edilərək, həm parlament sədrləri səviyyəsində, həm də deputatlar arasında qarşılıqlı
səfərlərin və görüşlərin münasibətlərimizin daha da genişlənməsinə xidmət etdiyi diqqətə çatdırılıb. Söhbət zamanı parlament dostluq qruplarının fəaliyyətinin də bu
əlaqələrin dərinləşdirilməsində mühüm rol oynadığı vurğulanıb.
Spiker Sahibə Qafarova parlamentlərimizin beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluğunu bildirib. Milli Məclisin sədri Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış və Milli Məclisin sədrliyi ilə institusional inkişaf və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində mühüm uğurlar əldə etmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi barədə də fikirlərini bölüşüb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi
aparılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Gundelik.az

Exit mobile version