Siqaret yalnız ağciyərlərə deyil, ürək-damar sisteminə də ciddi zərər vurur. Mütəxəssislər siqaretin infarkt riskini artıran əsas amillərdən biri olduğunu bildirirlər.
Türkiyə Kardiologiya Dərnəyinin Profilaktik Kardiologiya və Ateroskleroz İşçi Qrupunun rəhbəri, professor Barış Güngörün sözlərinə görə, siqaretin tərkibində nikotin, karbonmonoksid, qatran, arsen, formaldehid və digər zərərli kimyəvi maddələr var. Bu maddələr qan vasitəsilə orqanizmə yayılaraq damarların daxili səthini zədələyir, aterosklerozu və damar tıxanmasını sürətləndirir.
Siqaret həmçinin qanın laxtalanmasını artırır, damar divarlarında iltihaba səbəb olur və damar lövhələrinin parçalanaraq laxta yaratması riskini yüksəldir. Bu proses ürək damarlarında baş verdikdə infarkt, beyin damarlarında isə insult yaranır.
Mütəxəssis qeyd edir ki, infarktla xəstəxanaya müraciət edən xəstələrin təxminən 50 faizi siqaret çəkir. Siqaret həmçinin arterial təzyiqi və nəbzi yüksəldərək ürək-damar xəstəlikləri riskini artırır.
Həkimlər ürək-damar xəstəliyi olan insanların siqareti mütləq tərgitməli olduğunu vurğulayırlar. Stent qoyulması və ya bypass əməliyyatı keçirilməsi xəstəliyin tamamilə sağalması demək deyil. Buna görə xəstələr dərmanlarını müntəzəm qəbul etməli, siqaretdən uzaq durmalı və sağlam həyat tərzinə əməl etməlidirlər.
Mütəxəssislərin fikrincə, siqareti tərgitməkdə ailə və peşəkar dəstək də mühüm rol oynayır. Dəstək almayan şəxslərdə yenidən siqaretə başlama riski daha yüksəkdir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

