Uşaqlıq dövrü piylənməsinin dünyada olduğu kimi Türkiyədə də ciddi ictimai sağlamlıq probleminə çevrildiyini bildirən dosent Murat Doğan, valideynlərin yalnız uşaqların qidalanmasına deyil, həm də onların gündəlik fiziki aktivliyinə və ekran qarşısında keçirdiyi vaxta diqqət yetirməsinin vacib olduğunu vurğulayıb.
Mütəxəssis bildirib ki, texnologiya həyatın ayrılmaz hissəsinə çevrilsə də, uşaqların televiziya, planşet, telefon və kompüter qarşısında keçirdiyi vaxt nəzarətdə saxlanılmalıdır.
Onun sözlərinə görə, uşaqlar uzun müddət ekran qarşısında qaldıqda həm fiziki aktivlikləri azalır, həm də fərqinə varmadan yüksək kalorili qidaları daha çox qəbul edirlər. Nəticədə sərf olunan enerji azalır, qəbul edilən kalori isə artır və bu da zamanla çəki artımına səbəb olur. Buna görə də uşaqlarda artıq çəki qiymətləndirilərkən yalnız qidalanmaya diqqət yetirmək kifayət deyil.
Hərəkətsizlik piylənmə riskini yüksəldir
Dosent Murat Doğan qeyd edib ki, gündəlik fiziki aktivlik uşaqların sağlam böyüməsi və inkişafı üçün əvəzolunmazdır. Xüsusilə məktəbdən sonrakı vaxtın ekran qarşısında deyil, hərəkətlə keçirilməsi tövsiyə olunur.
O bildirib ki, uşaqların hər gün yaşlarına uyğun fiziki fəaliyyətlə məşğul olması, açıq havada vaxt keçirməsi və oyun oynaması həm çəkiyə nəzarət etməyə kömək edir, həm də əzələ və sümük inkişafını dəstəkləyir. Bundan əlavə, müntəzəm hərəkət uşaqların psixoloji sağlamlığına, diqqət müddətinə və yuxu keyfiyyətinə də müsbət təsir göstərir.
Piylənmə bir çox xəstəliyin xəbərçisi ola bilər
Mütəxəssis vurğulayıb ki, uşaqlıq dövründə yaranan piylənmə təkcə artıq çəki demək deyil. Bu hal insulin müqaviməti, 2-ci tip diabet, qaraciyərin piylənməsi, yüksək qan təzyiqi, yuxu apnesi və bəzi hormonal pozğunluqlar kimi ciddi sağlamlıq problemlərinin yaranmasına zəmin hazırlayır.
Xüsusilə sürətlə kökələn, boy artımı ləngiyən və ya inkişafında fərqlilik müşahidə olunan uşaqların uşaq endokrinoloqu tərəfindən müayinə olunması vacib hesab edilir.
Valideynlərə ekran vaxtı ilə bağlı çağırış
Dosent Murat Doğan bildirib ki, sağlam həyat vərdişləri ailədə formalaşır və valideynlər bu baxımdan uşaqlara nümunə olmalıdırlar.
Onun sözlərinə görə, uşaqların ekran qarşısında keçirdiyi vaxt yaşa uyğun şəkildə məhdudlaşdırılmalı, ekran qarşısında yemək yemək vərdişinin qarşısı alınmalı və ailəvi şəkildə aktiv həyat tərzi təşviq edilməlidir.
Gündəlik gəzintilər, parkda oyunlar, velosiped sürmək və müxtəlif idman fəaliyyətləri uşaqların həm fiziki, həm də psixoloji inkişafına mühüm töhfə verir.
Mütəxəssis sonda qeyd edib ki, uşaqların sağlam böyüməsinin əsasında balanslı qidalanma, kifayət qədər yuxu, müntəzəm fiziki aktivlik və ekran istifadəsinə nəzarətin birlikdə təmin olunması dayanır.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

