İyul 8, 2026
Baku
Ədəbiyyat

Cümhuriyyət dövrünün milli mətbuatı və ya təzadlar dövrünün ziyalıları

      Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi qısa  vaxt ərzində ölkədə bir çox sahələrin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Şərqdə ilk demokratik respublikanın qurucuları xalqımızın ən öndə gedən ziyalıları və maarifçiləri olmuşlar. Onlar xalqın ümumi tərəqqisinin təminatına, demoktratik cəmiyyətin formalaşmasına və müstəqil dövlətin sosial-siyası əsasların möhkəmləndirilməsinə çalışmışlar. Xalq Cümhuriyyəti 23 ay ərzində, həqiqətən, xalqa xidmət etdiyini təsdiqləmişdi.

     Tədqiqatçıların qənaətinə görə Azərbaycan mətbuatı tarixinin 1918-1920-ci illəri  bütün əvvəlki dövrlərə nisbətən özünün ən yüksək inkişaf mərhələsini keçmişdir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan  həyatının canlı salnaməsinə çevrilmişdir. İki il  ərzində ölkədə 100-ə yaxın müxtəlif adda qəzet və jurnal çapdan  çıxmışdır.  Cümhuriyyət dövrü  mətbuatının  səciyyəvi xüsusiyyəti təkcə onun  say göstəricisində deyildi, həm də  ideya-məzmun  zənginliyində idi.  Millətə aid siyasi  mətləblərin  milli mətbuat və  milli məktəbdən  uzağa  getmədiyi bir zamanda milli mətbuatın fəaliyyəti milli məfkurənin formalaşmasında  aparıcı rol oynadı.

    1918-1920-ci illər mətbuatını tədqiqatçılar ideya istiqaməti  baxımından bir neçə yerə bölmüşlər: Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, cümhuriyyət hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq qazandırmaq üçün canfəşanlıq edən erməni daşnak  mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik xarakterli qəzetlər, jurnallar. Lakin bu istiqamətlər  içərisində  daha realı və geniş oxucu auditoriyasına malik olanı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat idi. Cümhiriyyət dövründə  Bakıda, Gəncədə, Şuşada, Tiflisdə, İrəvan və digər inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə nəşr edilirdi.

    Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, dövlət xadimləri, ideoloqları milli mətbuatımızın  təməlini qoyan mütəfəkkirlər idi. İstiqlalçılıq, dövlətçilik, cümhuriyyətçilik  fikrən milli mətbuatımızda  təbliğ olunurdu.  Məhz mətbuat dinamikasında siyasiləşən, proqramlaşan ideyanın gerçəkləşməsi oldu. A.X.C. “Əkinçi” dən qidalanan, “Ziya”, “Kəşkül”, “Şərqi Rus”, “Molla Nəsrəddin”, “Həyat”, “İrşad”, “Füyuzat”,  “Tərəqqi”, “Kaspi”, “İqbal”, “Açıq söz”, “Dirilik”, “Təkamül”, “Hümmət” və digər mətbuat orqanları  ilə cilalanan  milli məfkurənin əməli təntənəsi oldu. Cümhuriyyətin banilərindən M.Ə.Rəsulzadə siyasi mübarizəsini “Şərqi Rus”,  “Hümmət”, “Təkamül”, “Dirilik”, “Açıq söz”də xalqına anladırdı və ardınca səsləyirdi. Əlimərdan bəy Topçubaşovun redaktorluğu dövründə “Kaspi” nin məzmunu siması dəyişdi. İsmayıl bəy Qaspıralı, Həsən bəy Zərdabi düşüncəsinə kökləndi. Həsən bəy Ağayev Gəncədə çıxan “Yujni Kafkaz” qəzetinin redaktoru olmuş, maarifçilik ideyalarını yaymışdır. Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə mütləqiyyət  caynağından  qopan ilkin  fürsətdə  mətbuatımızın “ağır  artilleriyası oldular.

   Azərbaycan Xalq Cümhuriyyəti mətbuatının  həqiqi sələfləri  sırasında “İqbal”  qəzetinin  xüsusi çəkisi vardır. Azərbaycan  Cümhuriyyəti bəyan ediləndə  milli dövlətin mətbuatı artıq zəngin, ciddi, peşəkar  təcrübəyə malik idi. Təqib və təzyiqlər  altında yaydıqları fikirləri indi açıq şəkildə daha ucadan deyə bilərdilər. Həm də dövlətin dəstəyi, himayəsi sayəsində  milli mətbuat yeni  inkişaf mərhələsinə daxil olunurdu.

  Azərbaycan Xalq Cümhuriyyəti dövründə “Azərbaycan” (1918-1920), “İstiqlal” (1918-1920), “Övraqi-nəfisə” (1919),  “Müsəlmanlıq”, (1917-1919), “Qurtuluş” (1920), “Mədəniyyət” (1920), “Gənclər yurdu) (1918), “Şeypur” (1918-1919), “Zənbur” (1919),  və s. kimi milli ruhlu  mətbuat orqanları işıq üzü görmüşdür.

    Azərbaycan  milli istiqlaliyyətini  elan etdikdən sonra  milli mətbuatın qarşısında  da yeni vəzifələr dururdu. Ona görə də hökumət və parlament mətbuatın və nəşriyyatın  işini dövrün tələbləri səviyyəsində qurmaq üçün bir sıra qərarlar qəbul etmişdi. 1919-cu il oktyabrın 30-da parlament tərəfindən mətbuat məsələlərini tənzimləyən ayrıca sənəd-Mətbuat haqqında Nizamnamə qəbul olunmuşdu. Hökumət həmin ilin aprel  tarixli qərarına əsasən, nizamnamə layihəsini hazırlamaq Ədliyyə nazirliyinə tapşırılmışdı. Lakin iyunun  20-də hökumət Daxili İşlər Nazirliyinin təqdim etdiyi qanun layihəsini  bəyənmiş və onu parlamentin müzakirəsinə çıxarmışdı.   Nizamnamə söz və mətbuat azadlığı prinsipinə əsaslanırdı. Sənəddə deyilirdi ki, insan fəaliyyətinin hər bir sahəsi kimi mətbuat da azadlıqla anarxiya arasında sərhədi  müəyyən edən  qanunlara tabe olmalıdır.

      Mətbuat azadlığına yekdilliklə tərəfdar çıxan  parlament üzvləri qanun  layihəsini  ən ciddi sənədlərdən biri hesab edirlər. Bununla belə, layihənin hər üç oxunuşu qızğın müzakirələrlə keçmişdi.   “Hümmət”  partiyası və sosialist fraksiyası layihənin əleyhinə çıxmışdılar və bildirmişlər ki,  mətbuatı heç bir qanunla məhdudlaşdırmaq olmaz.  Nizamnamə demokratiya  və müstəqil dövlətçilik prinsiplərinə ziddir. Maddələrin ayrı-ayrılıqda müzakirəsi zamanı mətbuata ümumi nəzarət və rəhbərlik haqqında, redaktorun təbəəliyi, təhsil, mətbəə yaradılmasına icazə verilməsi barədə maddələr geniş diskussiya doğurmuşdu.

    Cümhuriyyət hökuməti  mətbuat  azadlığı, milli şüurun, milli mədəniyyətin inkişafı üçün mühüm şərtlərdən biri hesab edirdi. Məlumdur ki, Xalq Cümhuriyyəti yaranana qədər çar Rusiyası tərkibində olan Azərbaycanda  mətbuat azadlığı yox idi. Ana dilinndə yazıb-oxumaq böyük maneələrlə qarşılaşır, qəzet və jurnallar ciddi senzuraya məruz qalırdı. Belə bir rejim milli şüurun, milli mədəniyyətin inkişafına ağır zərbə vururdu. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə mətbuat və kütləvi informasiya vasitələrinin məzmunu, nəşri və yayılması üzərində dövlət nəzarəti ləğv olunmuşdu.

    O dövrdə əsas vəzifə Xalq Cümhuriyyətini qoruyub saxlamaqdan, daxili və xarici təhlükələrə qarşı ideoloji mübarizə aparmaqdan ibarət idi.Yeni vəzifələri həyata keçirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə özünü rəsmi orqanı  olan “Azərbaycan” qəzetini nəşr etdirməyə başlamışdı. Qəzetin müxtəlif vaxtlarda redaktorları Ceyhun bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Üzeyir bəy Hacıbəyli və Xəlil İbrahim olmuşlar. Cümhuriyyətin ictimai-siyasi, iqtisadi və mədəni  təsisatların tarixi mənzərəsi bu qəzetdə geniş əksini tapmışdır.

     Milli siyasi birliyə çağırış Cümhuriyyət dövründə  bütün Azərbaycan  mətbuatının başlıca şüarına çevrilmişdi. 1918 -ci il martın 31-də Bakıda, habelə Azərbaycanın müxtəlif bölgələrində erməni-daşnak və rus-bolşevik qara güruhçuları tərəfindən türk-müsəlman əhalisinə qarşı törədilən kütləvi soyqırımları da milli mətbuatın başlıca mövzusu idi. Həmin vaxtlarda “Açıq söz” qəzeti yazırdı: “Dəhşətli saat gəlir, birlik gərəkdir”. Qəzet Azərbaycan  xalqının siyasi partiyalarını xarici irticaya qarşı birliyə çağırırdı. Milli mətbuatın şüurları oyatmaq  fəaliyyəti, apardığı maarifçilik təbliğatı yaxınlaşmaqda  olan dümən  təxribatının ifşasında böyük rol oynayırdı.

        Azərbaycan Xalq Cümhuriyyətinin həftəlik qəzeti olan “İstiqlal” ın da bu istiqamətdə fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bakıda nəşr olunan qəzetin ilk nömrəsi 1919-cu il fevralın 4-də, son nömrəsi 1920-ci ilin aprelin-23 də (cəmi 42 nömrə) çıxmışdır.

      1919-cu il martın 11-də nəşrə başlayan “Övraqi-nəfisə” jurnalı  ədəbiyyat və incəsənətdən bəhs edən ilk dövri mətbuat orqanı idi. 1919-cu ilin  mart-avqust  aylarında Bakıda  cəmi 6 nömrəsi nəşr edilmiş jurnalın  redaktoru Əlabbas Müznib, naşiri bəstəkar  Zülfüqar bəy Hacıbəyli, rəssamı  Əzim Əzimzadə idi. Jurnalda F.Köçərli, Abdulla Şaiq , Zülfüqar Hacıbəyli, Əmin Abid, Məhəmməd Hadi, və s. müəlliflər çıxış edirdilər.

      Həmin illərdə Azərbaycanda milli ideyalı “Şeypur” jurnalı  da nəşr olunmuşdur. İlk nömrəsi 1918-ci il oktyabrın 5-də çıxmış “Şeypur” un  naşiri Səməd Mənsur, redaktoru Məhəmmədli Sidqi idi.

    1920-ci ilin əvvəlində  nəşrə başlamış “Qurtuluş” jurnalı ədəbi-mədəni  sahədə xeyli iş görmüş,  Azərbaycan xalqının  milli mədəniyyətinin təbliğində mühüm rol oynamışdır. Qətiyyətlə deyə bilərik ki, A.X.C. dövrünün milli  mətbuatı bütün bu tarixi mübarizələrinin önündə olmuş, salnaməsini yazmışdır. Milli  mətbuatımız bu tarixin təkcə yol yoldaşı olmadı, bu tarixi yaratdı, ona mübarizlik ruhu verdi,  müstəqil dövlətçiliyin bərpasına qovuşurdu.

     Çağdaş milli  mətbuatımız təməli, ənənəsi fəxarət doğuran bir məktəbin yetirməsidir. Peşəkarlıq  prinsiplərini yüksək tutan samballı jurnalistlər ordusuna Şeyx Xiyabani öyüdünü yada salmaq yersiz olmaz: “Bir xalqın şərafəti üçün birinci şərt onun müstəqil olmasıdır. Müstəqil olmayan bir xalqın əzmi və hörməti yoxdur. Xalqın  istiqlaliyyətini onun əxlaqi fəziləti saxlaya bilər. Hər bir xalqın istiqlaliyyətini qoruyan onun mərdlik və şücaətidir”.

     Azərbaycan Xalq Cümhuriyyəti dövründə olduğu kimi, müstəqilliyimizin qazanıldığı illərdə də mətbuat milli dövlət quruculuğu prosesində ön mövqedə dayandı. Odur ki, istər əsrin əvvəlində, istərsə də sonunda Azərbaycan milli mətbuatının  uğurları birbaşa istiqlal düşüncəsi, dövlət müstəqilliyi ilə bağlıdır.

     Milli jurnalistikamızın bu taleyüklü dövrünün mətbuatı  bu gün də bütün incəliyinə, detallarına qədər öyrənilməli, təhlil olunmalı və dəyərini almalıdır.

AYNUR TURAN 

Gundelik.az