Çinin xarici işlər naziri Vanq Yi ABŞ-ni Çinlə münasibətlərdə respublikanın fundamental maraqlarına hörmətlə yanaşmağa çağırıb. O, ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında xüsusilə Tayvan məsələsinə toxunaraq, bu mövzuda ehtiyatlı davranmağın vacibliyini vurğulayıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
“Birləşmiş Ştatların son zamanlar səsləndirdiyi mənfi bəyanatlar və atdığı addımlar Çinin qanuni hüquq və mənafelərinə zərər vurur, daxili işlərinə qarışır və Çin-ABŞ münasibətlərinin inkişafına mane olur. Çin buna qəti şəkildə qarşı çıxır”, – deyə Vanq Yi bildirib.
Nazir əlavə edib ki, Çin və ABŞ yeni dövrdə dünya sülhü və rifahı üçün əməkdaşlıq etməli, qlobal çağırışların öhdəsindən birgə gəlməli və böyük dövlətlər olaraq məsuliyyət daşımalıdırlar.
Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər iki ölkə liderlərinin verdiyi strateji göstərişlərə əməl etməyin, fikir ayrılıqlarını düzgün idarə etməyin və praktiki əməkdaşlığı inkişaf etdirməyin vacibliyini təsdiqləyiblər.
ABŞ Dövlət Departamenti isə açıqlamasında Rubio-nun “ikitərəfli məsələlər üzrə açıq və konstruktiv əməkdaşlığın əhəmiyyətini vurğuladığını” qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Çinin müdafiə naziri Donq Jun ABŞ müdafiə naziri Pit Heqsetlə videokonfrans formatında danışıq apararaq Tayvan və Cənubi Çin dənizi ilə bağlı məsələləri müzakirə etmişdi. Donq Jun bildirib ki, “Tayvanın müstəqilliyini təşviq etmək və ya bu məsələdən Çini sıxışdırmaq üçün hərbi gücdən istifadə cəhdlərinin qarşısı qəti şəkildə alınacaq”.
Gundelik.az

