İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“ChatGPT”də yeni məhdudiyyətlər: Sağlamlıq, hüquq və maliyyə sahələrində məsləhətlər dayandırıldı

Süni intellektlə işləyən “ChatGPT” söhbət platformasında yeni qaydalar qüvvəyə minib.

Gundelik.az-ın məlumatına görə, bundan sonra istifadəçilər tibbi, hüquqi və maliyyə mövzularında birbaşa məsləhət ala bilməyəcəklər.

Oktyabrın 29-dan tətbiq edilən dəyişikliklərə əsasən, “ChatGPT” artıq “məsləhətçi” deyil, “tədris vasitəsi” kimi fəaliyyət göstərəcək. Böyük texnoloji şirkətlər bu addımı hüquqi məsuliyyət və məhkəmə çəkişməsi risklərini azaltmaq məqsədilə atıblar.

Yeni qaydalara görə, platforma yalnız ümumi prinsipləri izah edəcək, nümunəvi mexanizmləri təqdim edəcək və istifadəçiləri həkimlərə, hüquqşünaslara və ya maliyyə məsləhətçilərinə yönləndirəcək.

Sağlamlıq, hüquq və maliyyədə “qırmızı xətt”
Sənəddə qeyd olunur ki, “dərman adları və dozaları göstərilə bilməz, iddia ərizəsi tərtib edilə bilməz, investisiya tövsiyəsi verilə bilməz”. Bu məhdudiyyətlər süni intellektin yanlış və təhlükəli məsləhətlər verməsi ehtimalına qarşı tətbiq olunub.

Məsələn, istifadəçi “sinəmdə bir parça var” kimi simptom daxil etdikdə, modelin bunu xərçənglə əlaqələndirə bilməsi, halbuki bunun zərərsiz lipoma olması ehtimalı riskin real nümunəsi kimi göstərilir.

“Heç bir şey insan təcrübəsini əvəz edə bilməz”
OpenAI-nin ehtiyat tədbirləri təkcə sağlamlıqla məhdudlaşmır. Şirkət psixoloji dəstək və terapiya məqsədilə “ChatGPT”-dən istifadəni də təhlükəli hesab edir. Bildirilir ki, model insan davranışını düzgün qiymətləndirə bilmir, empatiya qura bilmir və hüquqi məsuliyyət daşımır.

Eyni zamanda, şəxsi gəlir, borc və ya maliyyə risklərinin təhlili mümkün olmadığı üçün platformanın investisiya və vergi məsələlərində də istifadə olunması qadağan edilib. Ekspertlər xəbərdarlıq edirlər ki, istifadəçilərin gəlir, şəxsiyyət və ya bank məlumatlarını paylaşması məlumat təhlükəsizliyi baxımından ciddi risk yaradır.

Etik sərhədlər və təhsil məhdudiyyətləri
Yeni qaydalar etik mövzuları da əhatə edir. İstifadəçilərin ev tapşırıqlarını, imtahan cavablarını və ya yaradıcılıq işlərini saxtalaşdırmaq üçün “ChatGPT”-dən istifadə etməsi qadağan olunub. Bu addım həm etik prinsiplərin, həm də müəllif hüquqlarının qorunması məqsədi daşıyır.

“Faydalıdır, amma ekspert deyil”
Mütəxəssislər hesab edirlər ki, bu “yeni qırmızı xətlər” süni intellektin imkan və məhdudiyyətlərini daha aydın göstərir. “ChatGPT” artıq insan mütəxəssisləri əvəz edən “məsləhətçi” deyil, məlumatı ümumiləşdirən və öyrədici şəkildə təqdim edən “köməkçi” rolunda çıxış edir.

Bu dəyişiklik, ekspertlərin fikrincə, texnologiyanın “insan təcrübəsini əvəz edə bilməyəcəyini” rəsmi şəkildə qəbul etməsi anlamına gəlir.

Gundelik.az