İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“ChatGPT”də yetkinlər üçün də şəxsiyyət və yaş təsdiqi tətbiq edilə bilər

“OpenAI”nin baş direktoru Sem Altman bildirib ki, yaxın zamanda “ChatGPT” istifadə edən yetkin şəxslər də platformanın təhlükəsizliyini artırmaq məqsədilə şəxsiyyət və yaş təsdiqindən keçə bilərlər.

Gundelik.az-ın məlumatına görə, Altman qeyd edib ki, bu addım müəyyən məxfilik kompromisi yaratsa da, şirkət bunun dəyərli bir tədbir olduğuna inanır. Qərarın yeniyetmənin intiharı ilə bağlı “OpenAI”yə qarşı açılan məhkəmə işindən sonra qəbul edildiyi bildirilir.

Hazırda şirkət yetkinlik yaşına çatmayan istifadəçilər üçün avtomatik yaş yoxlama texnologiyası üzərində işləyir. Bununla yanaşı, yaxın zamanda valideyn nəzarəti sisteminin də istifadəyə veriləcəyi açıqlanıb.

Altman əlavə edib ki, 13–18 yaş arası istifadəçilər “ChatGPT”nin yalnız məhdud imkanlara malik versiyasından yararlana biləcəklər. Bu versiyada süni intellekt təhlükəli mövzular — intihar, özünə zərər və oxşar məsələlərlə bağlı söhbətlərə girməyəcək. Əgər belə hal aşkar olunarsa, sistem ilk növbədə valideynləri, onlar mövcud deyilsə, səlahiyyətli qurumları məlumatlandıracaq.

“OpenAI”yə görə, yeni mexanizmlər uşaqların təhlükəsizliyini gücləndirmək və valideynlərin prosesə nəzarətini asanlaşdırmaq məqsədi daşıyır. Altman hesab edir ki, bu addımlar “ChatGPT”nin hər kəs üçün daha etibarlı mühit yaratmasına xidmət edəcək.

Gundelik.az