Cənubi Koreya Şimali Koreyadan gələn artan təhlükələr fonunda ölkənin ilk mülki nüvə sığınacağını inşa etməyə hazırlaşır.
Gundelik.az-ın “The Korea Herald”a istinadən məlumatına görə, yeni sığınacaq 2028-ci ildə istifadəyə veriləcək və fövqəladə vəziyyət zamanı 1000-dən çox insana iki həftə ərzində təhlükəsiz yaşayış şəraiti təmin edəcək.
Sığınacaq Seulda tikiləcək yeni yaşayış kompleksinin üçüncü zirzəmisində, 1-ci mərtəbədə yerləşəcək. Obyektin ümumi sahəsi 2100 kvadratmetrdən çox olacaq və 1020 nəfəri yerləşdirmək imkanı yaradılacaq. Layihə 16 hündürmərtəbəli bina və 1200-dən çox mənzildən ibarət yaşayış kompleksinin tərkib hissəsi olacaq.
Sığınacaqda müasir havalandırma sistemi, təmiz su ehtiyatı və tullantıların idarə olunması infrastrukturu quraşdırılacaq. Bu, nüvə, kimyəvi və ya bioloji hücum zamanı insanların iki həftə ərzində sağ qalmasına şərait yaradacaq. Obyekt fövqəladə hallar istisna olmaqla, gündəlik həyatda ictimai idman mərkəzi kimi fəaliyyət göstərəcək.
Seul Şəhər İdarəsinin nümayəndəsi bildirib ki, bu layihə təhlükəsizlik sisteminin gücləndirilməsi istiqamətində mühüm addımdır: “Bugünkü təhdidlər keçmişlə müqayisədə daha mürəkkəbdir. Ona görə də mülki müdafiə sığınacaqlarının funksiyalarını genişləndiririk. Məqsədimiz vətəndaşların daha etibarlı şəkildə qorunmasıdır”.
Son aylarda Şimal və Cənubi Koreya arasında münasibətlərdə nisbi yumşalma müşahidə olunsa da, gərginlik hələ də qalmaqdadır. Ötən il Pxenyanın Seula zibillə dolu şarlar göndərməsindən sonra Cənubi Koreya hərbi hazırlıq səviyyəsini artırmışdı. Şimali Koreyanın ardıcıl raket sınaqları isə ABŞ-la birgə təlimlərin intensivləşdirilməsinə səbəb olmuşdu.
Gundelik.az

