Avropa Komissiyası Ermənistana nüvə təhlükəsizliyini gücləndirmək məqsədilə 5 milyon avro qrant maliyyəsi ayıracaq. Ermənistan hökuməti oktyabrın 30-da müvafiq sazişin imzalanmasını təsdiqləyib.
Gundelik.az xəbər verir ki, qərarda bildirilir ki, “Ermənistanda Nüvə Təhlükəsizliyi və Radiasiyadan Mühafizənin Gücləndirilməsi proqramı çərçivəsində Ermənistan Respublikası ilə Avropa Komissiyası arasında maliyyələşdirmə sazişinin imzalanması təsdiq edilsin”.
Vəsait Ermənistan Atom Elektrik Stansiyasında (AMES) stress sınaqları üzrə milli fəaliyyət planına daxil edilmiş tədbirlərin həyata keçirilməsinə, Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsinin potensialının artırılmasına və stansiyanın təhlükəsizlik səviyyəsinin mövcud tələblərə uyğunluğunun qiymətləndirilməsinə sərf olunacaq.
Ermənistan Atom Elektrik Stansiyası ölkənin əsas elektrik enerjisi mənbələrindən biridir. Stansiya tək blokdan ibarət olub (birinci nəsil VVER-440 reaktoru ilə) və Rosatom-un törəmə şirkəti TVEL tərəfindən yanacaqla təmin edilir. Onun istismar müddəti 2036-cı ilə qədər uzadılıb, daha sonra isə istismardan çıxarılmalıdır.
Gundelik.az

