Fransada Luvr muzeyində baş verən soyğunla əlaqədar maraqlı detallar üzə çıxıb.
Gundelik.az-ın “Le Figaro”ya istinadən məlumatına görə, hadisə ilə bağlı saxlanılanlar arasında xüsusi təyinatlı polis zabiti, taksi sürücüsü və bir miqrant da var.
Fransa Terrorla Mübarizə Bürosu Parisdə Luvr soyğununda şübhəli bilinən yeddi nəfəri həbs edib. Onlardan ikisi – Sena-Saint-Deni departamentinin 34 və 39 yaşlı sakinləri – muzeyin Apollon Qalereyasına daxil olaraq eksponatları oğurlamaqda ittiham olunur. Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Məlumata görə, 34 yaşlı Əlcəzair vətəndaşı Obervil şəhərində yaşayıb. O, istintaqa ifadəsində çatdırılma sürücüsü kimi işlədiyini və daha əvvəl yol hərəkəti qaydalarının pozulması, eləcə də oğurluq cinayətlərinə görə məhkum olunduğunu bildirib.
İkinci şəxs isə keçmiş taksi sürücüsüdür. Lisenziyasız fəaliyyət göstərdiyi üçün işini itirdikdən sonra kuryer kimi çalışıb və bir neçə dəfə oğurluğa görə tutulub. Paris prokurorunun sözlərinə görə, həmin şəxs daha əvvəl ciddi soyğunçuluq işi üzrə məhkəmə nəzarəti altında olub və onun məhkəməsi 2026-cı ilin noyabrına təyin edilib.
Xatırladaq ki, oktyabrın 19-da səhər saatlarında Luvr muzeyi oğruların hücumuna məruz qalıb. Cinayətkarlar Apollon Qalereyasına daxil olaraq doqquz qiymətli zinət əşyasını oğurlayıblar.
Oktyabrın 26-da Fransa polisi Luvr soyğununda şübhəli bilinən iki nəfəri saxlayıb: onlardan biri Əlcəzairə uçmağa hazırlaşdığı vaxt Parisdəki Roissy hava limanında, digəri isə Sena-Saint-Deni departamentində yaxalanıb.
Oktyabrın 30-da daha beş nəfər saxlanılıb. “Le Figaro”nun məlumatına görə, onların arasında xüsusi təyinatlıların zabiti də var.
Daha əvvəl həbs edilən iki nəfər isə istintaqa ifadə verərək günahlarını qismən etiraf ediblər.
Gundelik.az

