Sentyabr 18, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Bir stəkan portağal şirəsinin təəccüblü faydaları

Portağal suyunun tərkibindəki şəkər səbəbilə son illərdə onun sağlamlığa təsiri ilə bağlı narahatlıqlar artıb. Lakin araşdırmalar göstərir ki, ölçülü miqdarda 100 faiz portağal suyu istehlakının ürək-damar və beyin sağlamlığı üçün müəyyən faydaları olur.

Portağal suyu niyə mübahisəlidir?

Bütöv portağalla meyvə şirəsinin orqanizmə təsiri eyni deyil. Bir stəkan portağal suyu hazırlamaq üçün adətən iki-üç portağal sıxılır və onu içmək meyvəni yeməkdən daha sürətli baş verir.

Bütöv portağal isə daha çox lif ehtiva edir. Lif şəkərin qana keçməsini yavaşladır, həmçinin bağırsaqdakı faydalı bakteriyaları qidalandırır. Meyvə şirəsinin hazırlanması zamanı lifin böyük hissəsi itir.

Bununla belə, portağal suyu C vitamini və digər bioloji aktiv maddələrlə zəngindir. Buna görə onun tərkibindəki şəkərə yalnız ayrıca deyil, ümumi qidalanma çərçivəsində baxmaq lazımdır.

Ürək və beyin sağlamlığı

Bəzi araşdırmalar müntəzəm portağal suyu istehlakının qan təzyiqinin və “pis” xolesterinin azalması, eləcə də insulin funksiyasının yaxşılaşması ilə əlaqəli olduğunu göstərib.

Portağal suyu zehni qabiliyyətlərə və ayıqlıq hissinə də müsbət təsir göstərir. Portağalın tərkibində immuniteti dəstəkləyən, dəmirin sorulmasına kömək edən və kollagen sintezində iştirak edən C vitamini ilə yanaşı folat, kalsium, kalium və B1 vitamini də var.

Antioksidant xüsusiyyətləri

Portağalın mümkün faydalarında flavonoidlər mühüm rol oynayır. Bu bitki birləşmələri antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir.

Xüsusilə portağal və digər sitrus meyvələrində olan hesperidin diqqət çəkir. Araşdırmalar bu maddənin qan damarlarının rahatlamasına və iltihabın azalmasına kömək edə biləcəyini göstərir. Bu təsirlər portağal suyunun qan təzyiqi və qan dövranına mümkün faydalarını izah edir.

Portağal suyunun bağırsaq mikrobiomuna təsiri də araşdırılır. Bəzi tədqiqatlarda onun bağırsaq bakteriyalarının iltihabın azalması ilə əlaqəli qısa zəncirli yağ turşuları istehsalını artırdığı müşahidə olunub.

Bütöv portağal, yoxsa meyvə suyu?

Mütəxəssislər seçim qarşısında qaldıqda bütöv portağalı daha sağlam hesab edirlər. Bunun əsas səbəbi onun daha çox lif və flavonoid ehtiva etməsidir.

Meyvəni sıxdıqda onun təbii quruluşu pozulur və bəzi həssas qida maddələri oksigenlə təmas nəticəsində itir.

Portağal suyu içməyi seçirsinizsə, əlavə şəkər və şirinləşdirici olmayan 100 faiz portağal suyuna üstünlük vermək məsləhətdir. Təzə sıxılmış şirə bəzi qida maddələrini daha yaxşı saxlayır.

Mütəxəssislər isə sağlam qidalanmanın bir hissəsi kimi həftədə bir neçə dəfə kiçik stəkan portağal suyu içməyin problem yaratmadığını bildirirlər.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az