İllərdir “gündə ən azı 2 litr su içmək lazımdır” fikri geniş yayılıb. Lakin mütəxəssislərə görə, hər kəs üçün eyni maye norması yoxdur. Gündəlik ehtiyac yaş, cins, fiziki aktivlik, hava temperaturu və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişir.
Yüngül susuzlaşma belə diqqət, qısamüddətli yaddaş, reaksiya sürəti, əhval-ruhiyyə və qərarvermə qabiliyyətinə mənfi təsir göstərir.
Gündə nə qədər maye qəbul edilməlidir?
Sağlam və az hərəkətli böyüklər üçün gündəlik içki qəbulu təxminən:
Qadınlarda: 1,6–2 litr
Kişilərdə: 2–2,5 litr
Bu miqdara su ilə yanaşı çay, qəhvə, süd və digər içkilər də daxildir. Meyvə, tərəvəz və qidalardan alınan su da orqanizmin ümumi maye balansına əlavə olunur.
Çox su içmək beyni daha yaxşı işlədirmi?
Xeyr. Susuzluğun aradan qaldırılması diqqət və zehni fəaliyyətə müsbət təsir göstərir. Lakin “nə qədər çox su, bir o qədər güclü beyin” fikrinin elmi əsası yoxdur. Ehtiyacdan artıq su içməyin zehni performansı artırdığı göstərilməyib.
4,3 litr və 3,4 litr nə deməkdir?
Kişilər üçün 4,3 litr, qadınlar üçün 3,4 litr kimi göstərilən rəqəmlər yalnız içilməli saf su miqdarı deyil. Bu göstəricilər içkilərlə yanaşı qidalardan və maddələr mübadiləsi zamanı yaranan suyu da əhatə edən ümumi su dövranını ifadə edir.
Ürək və ya böyrək çatışmazlığı olan şəxslər isə gündəlik maye miqdarını mütləq həkimlə müəyyənləşdirməlidir.
Qısası, beyin üçün əsas məsələ həddindən artıq su içmək deyil, gün ərzində kifayət qədər və müntəzəm maye qəbul etməkdir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
