Britaniyanın dövlət yayımçısı olan BBC qarşıdakı iki ildə 500 milyon funt sterlin qənaət etməyi hədəfləyən planın ilk mərhələsi çərçivəsində 550 əməkdaşın işinə son verəcəyini açıqlayıb.
BBC News-un müvəqqəti rəhbəri Jonathan Munro əməkdaşlara göndərdiyi məktubda bildirib ki, ixtisarlar xəbər xidməti, Şotlandiya, Uels və Şimali İrlandiya üzrə yayım bölmələri, eləcə də televiziya və radio məzmunu hazırlayan komandaları əhatə edəcək.
Qənaət tədbirləri çərçivəsində:
Radio 4-də yayımlanan “The World Tonight” proqramı bağlanacaq;
“Today” proqramında daimi aparıcıların sayı sentyabrdan etibarən 5-dən 4-ə endiriləcək;
Şənbə buraxılışları yalnız bir aparıcı ilə təqdim olunacaq;
BBC One kanalındakı “Breakfast” proqramı sentyabrdan etibarən bazar günləri yayımlanmayacaq;
“Sunday with Laura Kuenssberg” və “Newsnight” proqramlarının istehsal qrupları birləşdiriləcək.
Munronun sözlərinə görə, bu dəyişikliklər nəticəsində təkcə xəbər bölməsində təxminən 200 nəfər işini itirəcək və 25 milyon funt sterlin qənaət əldə olunacaq.
Hazırda təxminən 21 500 tam ştatlı əməkdaşı olan BBC gəlirlərinin əsas hissəsini televiziya lisenziyalarından əldə edir. Lakin son illərdə lisenziya alanların sayında azalma müşahidə olunur.
Ümumilikdə 2000-ə yaxın iş yerinin bağlanması gözlənilir
BBC-nin baş direktoru Matt Brittin əməkdaşlara ünvanladığı məktubda bildirib ki, elan edilən tədbirlər 500 milyon funtluq ümumi qənaət hədəfinin təxminən 160 milyon funtluq hissəsini təmin etməlidir.
Onun sözlərinə görə, plan çərçivəsində ümumilikdə 1800–2000 iş yerinin ixtisar olunması nəzərdə tutulur.
Brittin qeyd edib ki, bu həcmdə qənaət əldə etmək çətin qərarlar və uzunmüddətli hazırlıq tələb edir. O həmçinin BBC-də yüksək vəzifəli rəhbərlərin sayının 10 faiz azaldılacağını, yaxın aylarda isə korporativ bölmələr də daxil olmaqla yeni qənaət tədbirlərinin açıqlanacağını bildirib. Bu mərhələdə əlavə olaraq təxminən 700 vəzifənin ləğv edilməsi gözlənilir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
