Qızmar yay istisi gündəlik həyatı çətinləşdirərkən, günvurma riski də getdikcə artır. Xüsusilə açıq havada çalışanlar, xroniki xəstəliyi olanlar və yaşlı insanlar daha böyük təhlükə altındadır. Mütəxəssislər bildirirlər ki, başgicəllənmə, güclü susuzluq hissi, halsızlıq və ürəkbulanma kimi əlamətlər qətiyyən diqqətdən kənarda qalmamalıdır.
Türkiyədə təsirini artıran qızmar hava şəraiti günəş altında uzun müddət qalan insanlar üçün ciddi və həyati təhlükə yaradan sağlamlıq probleminə çevrilir.
Havanın temperaturu hər gün bir qədər də yüksəlir və bu, təkcə gündəlik həyatı çətinləşdirmir, eyni zamanda bir çox bölgədə sağlamlıq risklərini artırır. Həkim Buğra Adil Buyrukçu “Hürriyet” qəzetində dərc olunan məqaləsində günvurma ilə bağlı vacib xəbərdarlıqlar edib.
Avropanın müxtəlif ölkələrində isti hava dalğaları səbəbindən baş verən ölüm halları göstərir ki, yüksək temperatur artıq sadəcə mövsümi hadisə deyil, ictimai sağlamlığa birbaşa təsir edən qlobal problemə çevrilib. Oxşar vəziyyət Türkiyədə də müşahidə olunur. Xüsusilə günün böyük hissəsini açıq havada işləməyə məcbur olan insanlar yüksək temperaturun yaratdığı sağlamlıq problemləri ilə daha çox üzləşirlər. Bu təhlükələrin başında isə günvurma gəlir.
Üstəlik, günvurma əksər hallarda qəfil baş vermir. Orqanizm əvvəlcədən müxtəlif siqnallar verir. Bu xəbərdarlıq əlamətləri vaxtında nəzərə alınmadıqda vəziyyət getdikcə ağırlaşa bilər.
Risk hər kəs üçün eyni deyil
Günvurma deyildikdə ilk növbədə istirahət edən insanlar yada düşsə də, əsas risk qrupu uzun müddət günəş altında çalışanlardır. Tikinti işçiləri, kənd təsərrüfatı əməkdaşları, bələdiyyə işçiləri, kuryerlər, mühafizəçilər və açıq havada idmanla məşğul olan şəxslər gün ərzində yüksək temperatur və güclü günəş şüalarına məruz qalırlar.
Xüsusilə havanın rütubətli olduğu günlərdə orqanizm tərləmə yolu ilə kifayət qədər soyuya bilmir və bədən temperaturu sürətlə yüksəlir. Qalın iş geyimləri, qoruyucu vasitələr, kifayət qədər maye qəbul edilməməsi və istirahət fasilələrinin buraxılması da riski artırır.
Yaşlı insanlar, ürək-damar xəstəlikləri, şəkərli diabet və bəzi dərmanlardan istifadə edən şəxslərdə orqanizmin istiyə qarşı müqaviməti daha zəif olur. Buna görə də risk qiymətləndirilərkən təkcə havanın temperaturu deyil, insanın sağlamlıq vəziyyəti və iş şəraiti də nəzərə alınmalıdır.
Orqanizmin verdiyi siqnalları görməzlikdən gəlməyin
Günvurma əksər hallarda birdən-birə yaranmır. Orqanizm həddindən artıq isinmədən əvvəl müxtəlif xəbərdarlıq siqnalları verir. Bu əlamətlər vaxtında aşkar edilərsə, ciddi fəsadların qarşısını almaq mümkündür.
Ən çox rast gəlinən ilkin əlamətlər bunlardır:
Güclü susuzluq hissi;
Baş ağrısı;
Başgicəllənmə;
Halsızlıq;
Ürəkbulanma;
Əzələ qıcolmaları.
Bu şikayətlər “bir az dincəlsəm keçər” düşüncəsi ilə diqqətdən kənarda qalarsa, bədən temperaturu təhlükəli həddə çata bilər.
Sonrakı mərhələdə isə aşağıdakı həyati təhlükəli əlamətlər yarana bilər:
Şüurun bulanması;
Nitq pozğunluğu;
Yüksək hərarət;
Nəbzin sürətlənməsi;
Huşun itməsi;
Qıcolmalar.
Müalicə olunmadıqda günvurma beyin, ürək, böyrəklər və əzələ toxumasında qalıcı zədələnmələr yarada, hətta ölümə səbəb ola bilər. Buna görə də ilk əlamətlər hiss edilən kimi günəşdən uzaqlaşmaq, sərin yerə keçmək, bədəni ehtiyatla soyutmaq və zərurət yaranarsa, dərhal tibb müəssisəsinə müraciət etmək vacibdir.
Kiçik vərdişlər böyük qoruma təmin edir
Günvurmanın qarşısını almağın ən effektiv yolu gündəlik həyatda qoruyucu vərdişlər formalaşdırmaqdır.
Susuzluğu gözləmədən mütəmadi su içmək, xüsusilə fiziki fəaliyyət zamanı itirilən mayeni bərpa etməyə kömək edir. Açıq rəngli, bol və hava keçirən geyimlər seçmək, enli kənarlı papaq taxmaq və imkan daxilində kölgədə istirahət etmək bədən temperaturunun normada qalmasına kömək edir.
Açıq havada çalışan şəxslər ağır işləri günəş şüalarının ən güclü olduğu günorta saatlarında deyil, səhər tezdən və ya axşamüstü yerinə yetirməlidirlər.
Bundan əlavə:
Alkoqoldan uzaq durmaq;
Kofein qəbulunu məhdudlaşdırmaq;
Gün ərzində yüngül qidalar qəbul etmək isti havaya uyğunlaşmanı asanlaşdırır.
İşəgötürənlərin kölgəlik istirahət məkanları yaratması, işçiləri içməli su ilə təmin etməsi və onları isti hava şəraitində yarana biləcək risklər barədə maarifləndirməsi də mühüm profilaktik tədbirlərdəndir.
Günvurmaya səbəb olan yanlış davranışlar
Yay aylarında eşitmə məlumatlarına əsaslanaraq hərəkət etmək günvurma riskini artırır.
Ən çox edilən səhvlər bunlardır:
Az su içmək;
Sərinləmək məqsədilə ardıcıl şəkildə çox soyuq içkilər qəbul etmək;
Günəşin ən güclü olduğu günorta saatlarında uzun müddət açıq havada qalmaq;
“Mən istiyə öyrəşmişəm, mənə heç nə olmaz” düşüncəsi ilə orqanizmin xəbərdarlıq siqnallarını nəzərə almamaq.
Bundan başqa, ağır və yağlı yeməklər qəbul etmək, spirtli içki içmək və yüksək fiziki aktivliyə fasilə verməmək də bədənin istilik balansını pozur.
Cəmiyyətdə ayran içməyin, başa yaş dəsmal qoymağın və ya kölgədə qısa müddət dincəlməyin günvurmanın qarşısını aldığına dair geniş yayılmış fikirlər var. Bu üsullar müəyyən qədər faydalı olsa da, təkbaşına kifayət etmir.
Məsələn, sərin yerə keçmək və bədəni tədricən soyutmaq düzgün ilk yardım tədbirləridir. Ayran isə tərkibindəki maye və minerallar hesabına tərləmə ilə itirilən elektrolitlərin bir hissəsini bərpa etməyə kömək edə bilər. Lakin bunların heç biri kifayət qədər su içməyin, günəşdən düzgün qorunmağın və lazım gəldikdə tibbi yardım almağın əvəzini vermir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
