“AzerGold” QSC Daşkəsən rayonunda təhsilin inkişafına yönəlmiş yeni layihələr həyata keçirir. Şirkət sentyabrın 15-dən etibarən rayonda fəaliyyət göstərəcək tədris mərkəzində şagirdlərin ödənişsiz hazırlıq kurslarına cəlb olunacağını açıqlayıb.
Gundelik.az xəbər verir ki, şirkət nümayəndəliyinin sözlərinə görə, Daşkəsən zəngin yeraltı sərvətlərə malik olmasına baxmayaraq, ali məktəblərə qəbul göstəricilərinə görə ölkə üzrə ən aşağı nəticə göstərən rayonlardan biridir. Bu səbəbdən rayonda təhsilin keyfiyyətinin artırılması prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Bildirilib ki, yeni tədris mərkəzində şagirdlər “AzerGold”un maliyyə dəstəyi ilə bütün fənlər üzrə əlavə hazırlıq keçəcəklər. Dərslər digər rayonlardan cəlb olunacaq ixtisaslı müəllimlər tərəfindən aparılacaq, mərkəz isə müasir maddi-texniki baza ilə təmin ediləcək.
Qeyd olunub ki, layihənin əsas məqsədi Daşkəsəndə təhsil səviyyəsini yüksəltməklə yanaşı, gələcəkdə şirkətin fəaliyyətində çalışacaq peşəkar kadrların hazırlanmasıdır. Şirkət hesab edir ki, hazırda məktəbdə təhsil alan şagirdlər gələcəkdə “AzerGold”un əməkdaşları ola bilərlər. Məhz buna görə də onların peşəkar inkişafına məktəb illərindən dəstək verilir.
