İyul 25, 2026
Baku
Dünya Xəbərlər

Astronomlardan kosmosda misli görünməmiş kəşf

Astronomlar Günəş Sistemindən kənarda indiyədək görünməmiş qeyri-adi səma cismi aşkar ediblər. Bu kəşf Günəş Sistemindən kənardakı obyektlərin təsnifatı ilə bağlı mövcud anlayışları yenidən müzakirəyə çıxarır. CD-35 2722 sistemində müəyyən edilən cisim birbaşa nə ulduzun, nə də planetin ətrafında dövr edir.

Çilidə yerləşən Avropa Cənub Rəsədxanasının Çox Böyük Teleskopu (Very Large Telescope) vasitəsilə aparılan və nəticələri Nature jurnalında dərc olunan araşdırmada alimlər bu obyekti hələlik “ekzopeyk” (exomoon) adlandırıblar.

Sözügedən cisim Günəşə bənzər ulduzun ətrafında dövr edən qəhvəyi cırtdanın orbitində yerləşir və bu, astronomların indiyədək rastlaşmadığı bir quruluş hesab olunur.

Qəhvəyi cırtdanlar ulduz olmaq üçün kifayət qədər böyük, planet olmaq üçün isə kifayət qədər kiçik olmayan səma cisimləridir.

Günəş Sistemi terminləri kifayət etmir

Araşdırmanın müəlliflərindən Kevin Hoy bildirib ki, bu obyekt planet hesab olunacaq qədər böyükdür, lakin birbaşa ulduzun ətrafında fırlanmır. Əvəzində ulduzun ətrafında dövr edən başqa bir cismin orbitində hərəkət edir. Buna görə də onu peyk adlandırmaq istəsələr də, o, Günəş Sistemində tanıdığımız qayalı peyklərə heç bənzəmir.

Astrofizik Alice Zurlo isə qeyd edib ki, Günəş Sistemində planet, ulduz və peyk anlayışları aydın şəkildə fərqləndirilir. Lakin CD-35 2722 sistemində bu sərhədlər bir-birinə qarışır.

Astronomlar bu günədək 6 mindən çox ekzoplanet aşkar etsələr də, Günəş Sistemindən kənarda mövcudluğu qəti şəkildə təsdiqlənmiş heç bir peyk müəyyən edilməyib.

Əgər CD-35 2722 sistemindəki bu obyektin təbiəti təsdiqlənərsə, o, Günəş Sistemindən kənarda aşkar edilən ilk təsdiqlənmiş ekzopeyk kimi tarixə düşəcək.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az