Gundelik.az Dünya Arvadını dərisinin rənginə görə yandıraraq öldürdü, ölüm hökmü verildi
Dünya Xəbərlər

Arvadını dərisinin rənginə görə yandıraraq öldürdü, ölüm hökmü verildi

Hindistanda arvadını dərisinin rənginə görə diri-diri yandıraraq öldürən şəxsə ölüm hökmü verilib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, Udaipur şəhərində məhkəmə Kişandas adlı şəxsi həyat yoldaşını qətlə yetirdiyinə görə edam cəzasına məhkum edib. Hakim Rahul Çaudhari qərarı açıqlayarkən bu hadisəni “ən nadir hallardan biri” və “insanlığa qarşı cinayət” adlandırıb.

Prokuror Dineş Paliwal hökmü “tarixi” adlandıraraq qərarın təsdiq üçün yuxarı instansiya məhkəməsinə göndərildiyini bildirib. Təqsirləndirilən şəxsin vəkili Surendra Kumar Menariya isə müştərisinin günahsız olduğunu iddia edir və hökmün apellyasiya şikayəti əsasında ləğv ediləcəyinə ümid edir.

Qətlə yetirilən Lakşminin ifadələri də məhkəmə materiallarına daxil edilib. O, polisdə və həkimlər qarşısında ərinin dəfələrlə onu “tünd dərili” olduğuna görə təhqir etdiyini, “kali” (qara) deyə çağırdığını bildirib. 2017-ci il iyunun 24-də baş verən hadisə zamanı Kişandas qadının üzərinə “dərini açacaq” bəhanəsi ilə qəhvəyi rəngli maye töküb, daha sonra isə onu alışqan vasitəsilə yandırıb. Lakşmi ağır yanıq xəsarətləri alsa da, ailəsinin xəstəxanaya çatdırmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə Hindistanda “kolorizm” — yəni açıq dəriyə üstünlük verilməsi və tünd dərili qadınlara qarşı ayrı-seçkilik məsələsini yenidən gündəmə gətirib. Fəallar xəbərdarlıq edirlər ki, bu kimi qərəzli münasibət davam edərsə, oxşar faciələr təkrar yaşana bilər.

Gundelik.az 

Exit mobile version