Hindistan ölkənin şimal-şərqində, Çin və digər qonşu dövlətlərlə sərhədin möhkəmləndirilməsi çərçivəsində 500 kilometr uzunluğunda dəmir yolu xətti inşa etməyi planlaşdırır.
Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, təsdiqlənmiş plana əsasən, dəmir yolu xətti körpülər və tunellər də daxil olmaqla Çin, Banqladeş, Myanma və Butanla həmsərhəd olan ucqar əraziləri birləşdirəcək. Layihənin dəyəri təxminən 3,4 milyard dollar təşkil edir və icrasının dörd ilə tamamlanacağı gözlənilir.
Agentliyin yazdığına görə, Hindistan sərhəd bölgəsində gediş-gəlişi sürətləndirmək, qoşunların səfərbər olunması üçün lazım olan vaxtı azaltmaq və maddi-texniki təminatı gücləndirmək məqsədilə yeni dəmir yolu infrastrukturunu inkişaf etdirir. Son on ildə ölkənin şimal-şərqində ümumilikdə 1700 km dəmir yolu çəkilib.
Mənbələrin bildirdiyinə görə, Hindistan həmçinin hərbi təyyarələr və helikopterlərin istifadəsi üçün regiondakı mövcud, lakin fəaliyyət göstərməyən hava nəqliyyatı infrastrukturunu da yenidən işə salıb. Ladax bölgəsində dəmir yolu xətlərinin çəkilməsi ilə bağlı da müzakirələr aparılır.
Xatırladaq ki, Baş nazir Narendra Modi daha əvvəl Pakistanla sərhəddə 1450 km-lik yolun tikintisini və Hindistan, Çin və Butan arasında mübahisəli ərazi hesab olunan Doklam yaylasında əlaqələrin yaxşılaşdırılmasını prioritet elan etmişdi. İyun ayında isə Modi ölkənin qalan hissəsi ilə Kəşmir vadisini birləşdirən və dünyada ən hündür quruluş sayılan Çenab Dəmir Yolu Körpüsünün açılışını edib.
“Bloomberg”in məlumatına görə, Çin də paralel olaraq bölgədə infrastrukturun modernləşdirilməsi, hava limanlarının və hərbi məqsədlər üçün istifadə edilə bilən vertolyot meydançalarının tikintisini sürətləndirir.
Gundelik.az

