Gundelik.az Dünya Hindistan ABŞ ilə gərginlik fonunda Çinlə əməkdaşlığı gücləndirir
Dünya Xəbərlər

Hindistan ABŞ ilə gərginlik fonunda Çinlə əməkdaşlığı gücləndirir

Hindistan ABŞ ilə ticarət tarifləri və digər məsələlərdə artan gərginlik fonunda Çinlə əməkdaşlığı sürətləndirir.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, ölkə liderləri bu addımı “strateji muxtariyyət” siyasətini balanslaşdırmaq və ölkəyə faydaları maksimum dərəcədə artırmaq məqsədilə atır.

Ukrayna-Rusiya müharibəsindən sonra Hindistan Moskvadan enerji tədarükünü artıraraq, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Rusiyadan nefti endirimli qiymətlərlə almağa davam edib. ABŞ-ın tətbiq etdiyi yüksək rüsumlar isə iki ölkə arasındakı münasibətləri gərginləşdirib.

ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, müharibədən sonra Rusiya neftinin Avropaya ixracı 11%-ə düşüb, Asiya və Okeaniya ölkələrinin payı isə 81%-ə yüksəlib. Eyni dövrdə Hindistanın Rusiyadan neft idxalı müharibədən əvvəlki 1%-dən 36%-ə qədər artıb.

ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft idxalını dayandırmamasını tənqid edərək, ölkənin ABŞ-a ixrac etdiyi tekstil, zərgərlik və karides kimi məhsullara tarif tətbiq edəcəyini açıqlayıb. Trampın tariflərinin Hindistanın ABŞ-a ixracını təxminən 40-43% azaldacağı, bunun isə Hindistan iqtisadiyyatına 35-38 milyard dollar civarında zərər vuracağı bildirilir.

Hindistan isə iddiaları rədd edərək bildirib ki, ölkə beynəlxalq normaları pozmayıb və Rusiyadan neft idxalı G-7-nin qiymət tavan mexanizmi ilə uyğun həyata keçirilir. Hökumət strateji muxtariyyət siyasəti çərçivəsində ABŞ-ın təzyiqlərinə məhəl qoymadan öz maraqlarını qoruyur.

Hindistan-ABŞ münasibətlərindəki gərginlik fonunda Baş nazir Narendra Modi Çinin Tianjin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Sammitində iştirak edib və Çin prezidenti Xi Jinping ilə görüşüb. Görüşdə Modi Hindistan-Çin əlaqələrinin “rəqib deyil, tərəfdaş” prinsipi üzərində qurulduğunu vurğulayıb.

Görüş zamanı nəqliyyat, viza, sərhəd təhlükəsizliyi və ticarət sahələrində bir sıra mühüm sazişlər imzalanıb. Ekspertlər bildirir ki, Hindistanın Rusiyadan neft idxalı strateji əhəmiyyət kəsb edir və ABŞ-ın tələblərinə baxmayaraq, Yeni Dehli idxalı dayandırmaq niyyətində deyil.

Gundelik.az 

Exit mobile version