Alimlər bambus arılarının tavandakı süni çiçəyə çatmaq üçün strafor toplardan pilləkən kimi istifadə etdiyini müəyyən ediblər. Bu kəşf göstərir ki, arılar yalnız instinktlərlə hərəkət etmir, həm də müəyyən səviyyədə düşünmə və problem həll etmə qabiliyyətinə malikdirlər. Londonun Oulu və Queen Mary universitetinin alimlərinin apardığı və Science jurnalında dərc olunan yeni araşdırma arıların idrak qabiliyyətləri barədə uzun müddətdir mövcud olan təsəvvürləri dəyişdirib.
Təxminən 100 il əvvəl şimpanzelərin qutuları üst-üstə yığaraq yuxarıdakı bananı əldə edə bildiyini göstərən məşhur “qutu və banan” təcrübəsi bu dəfə arılar üzərində tətbiq edilib.
Təcrübə zamanı bir neçə həftəlik bambus arıları şəffaf bölməyə yerləşdirilib. Bölmənin tavanı elə hündürlükdə idi ki, arılar nə uça, nə də birbaşa uzanaraq tavandakı şəkərli süni çiçəyə çata bilirdilər.
Çiçəyə çatmaq üçün onlar otaqdakı kiçik strafor topunu çiçəyin altına qədər yuvarlamalı və onun üzərinə çıxmalı idilər.
Sınaqdan keçirilən arıların 75 faizi əvvəllər heç vaxt qarşılaşmadıqları və öyrədilmədikləri bu mürəkkəb problemi özləri həll edərək mükafata çatmağı bacarıb.
Təsadüf deyil, həqiqi anlama qabiliyyəti
Alimlər bunun sadəcə təsadüfi davranış olub-olmadığını yoxlamaq üçün təcrübəni daha da çətinləşdiriblər.
Son mərhələdə otaq qırmızı işıqla işıqlandırılıb. Arılar qırmızı işıq altında mavi rəngi görə bilmədikləri üçün süni çiçəyi artıq vizual olaraq müəyyən edə bilmirdilər. Otaqda yalnız bir top saxlanılmışdı.
Bu vəziyyətdə çiçəyin yerini yadda saxlamalı olan 30 arıdan 23-ü topu dəqiq şəkildə çiçəyin altına gətirib. Bu isə onların sadəcə təsadüfi hərəkət etmədiyini, məqsədlərini başa düşdüklərini göstərib.
Kiçik beyində böyük potensial
Tədqiqatçılar arıların insanlar kimi düşündüyünü iddia etmirlər. Lakin nəticələr göstərir ki, çox kiçik beyinlər belə yeni problemlərə çevik və yaradıcı həllər tapa bilir.
Heyvan davranışları üzrə mütəxəssislər xatırladırlar ki, arılar əvvəllər də laboratoriya şəraitində sayma, obyektləri hərəkət etdirmə və müxtəlif tapşırıqları öyrənmə kimi mürəkkəb bacarıqlar nümayiş etdiriblər. Yeni təcrübə isə onların vəziyyəti anlayaraq həll yolu tapmasının ən güclü sübutlarından biri hesab olunur.
Alimlərin fikrincə, zəkanın yalnız böyük beyinə malik canlılarda mövcud olması barədə yayılmış fikir doğru deyil. Arılar çox kiçik sinir sistemi ilə belə mürəkkəb davranışlar sərgiləyərək təbiətdə zəkanın nə qədər müxtəlif formalarda ortaya çıxa biləcəyini nümayiş etdirirlər. Bu səbəbdən tədqiqatçılar insanları bu kiçik canlılara daha hörmətlə yanaşmağa çağırırlar.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
