Sıx yağış meşələrinin içində yerləşən müasir bir evdən tutmuş Şotlandiyanın qayalı sahillərindəki daş sığınacağa qədər, bu 10 yay evi ətraf mühitlə mükəmməl ahəng təşkil edir.
Yay üçün ideal ev necə olmalıdır? Bəziləri üçün bu, quş səsləri ilə əhatələnmiş sıx meşənin dərinliyində yerləşən kiçik taxta daxma ola bilər. Digərləri isə yataq otağından çıxan kimi qızılı qumlu çimərliyə və bir neçə metr aralıda dalğalanan okeana açılan ev xəyal edir.
İzabela Anna Morenin Summer Houses kitabında dünyanın müxtəlif yerlərində yerləşən qeyri-adi istirahət evləri təqdim olunur. Bu evləri birləşdirən əsas xüsusiyyət onların təbiətə uyğun şəkildə layihələndirilməsidir. Hər bir tikili yerləşdiyi ərazinin coğrafiyasından, materiallarından və iqlimindən ilham alaraq inşa edilib.
1. Sinfonia Verde – Kosta Rika
Kosta Rikanın sıx meşələrlə örtülü Osa yarımadasından ilham alan bu ev təbiəti içəridən müşahidə etmək üçün yaradılıb. Memar Benjamin Saxe evə dairəvi forma verərək ətraf meşə ilə 360 dərəcəlik əlaqə yaradıb. Tikili həm yamaca inteqrasiya olunub, həm də yer səthindən qaldırılıb ki, su, hava və vəhşi heyvanlar maneəsiz hərəkət edə bilsin.
2. Mesaria Canava – Yunanıstan
200 illik yeraltı şərab zirzəmisi olan bu bina müasir yay evinə çevrilib. Ağ rəngli ənənəvi memarlıq, yeraltı otaqlar və damdakı firuzəyi hovuz Santorini adasının və Aegean Sea mənzərəsinin gözəlliyini tamamlayır.
3. The House Under the Ground – Niderland
Keçmişdə keçilər üçün sığınacaq olan bu evin üç mərtəbəsindən ikisi torpağın altında yerləşir. Binanın üstü çiçəklərlə örtülmüş təpəyə çevrilib və uzaqdan demək olar ki, görünmür.
4. Canopy House – Braziliya
Sao Paulodan iki saatlıq məsafədə yerləşən bu ailə evi Atlantik tropik meşələrinin içindədir. Beton sütunlar üzərində qurulan tikili açıq terraslar, hamaklar və hovuz vasitəsilə sakinləri təbiətlə birləşdirir.
5. Caochan na Creige – Şotlandiya
Şotlandiyanın ucqar Hebrid adalarında yerləşən bu ev dünyanın ən qədim qayalarının arasında inşa olunub. Tikili təbii qaya çıxıntısının ətrafına qurulub və yaxınlıqdakı karxanadan çıxarılan Lewisian Gneiss daşı ilə tikilib.
6. Copper Bottom – İngiltərə
Bu ev landşaftın içində heykəltəraşlıq əsəri kimi görünmək üçün layihələndirilib. Mis örtüyü, günəş panelləri və üçqat şüşəli pəncərələri sayəsində çox aşağı karbon izi yaradır. Buradan Oksfordun məşhur qüllələrinin dumanlı çəmənliklər üzərində yüksəldiyi mənzərə görünür.
7. Summer House – Macarıstan
Lake Balaton sahilində yerləşən bu ev ənənəvi qamış damı ilə seçilir. Göldən yığılan qamışlardan hazırlanan dam və əl ilə düzülmüş daş bünövrə ənənə ilə müasirliyin vəhdətini nümayiş etdirir.
8. Coral Pavilion – Nigeriya
Atlantik okeanına baxan bu yay evi sadə xətləri və açıq planı ilə diqqət çəkir. Geniş çıxıntılı tavanlar kölgə yaradır, okean küləyini içəri buraxır və isti iqlimə uyğun yaşayış mühiti formalaşdırır.
9. Estancia San Jose – İspaniya
Köhnə ferma tikililərinin yenidən qurulması nəticəsində yaranan bu evdə rustik divarlar qorunub saxlanılıb. Terrakota döşəmələr, əl istehsalı keramik plitələr və zeytun ağacları ilə əhatə olunmuş hovuz sahəsi kənd atmosferini yaşadır.
10. The Lake House – Almaniya
Berlin yaxınlığında yerləşən bu ev qayıq evlərinin siluetindən ilham alıb. Taxta konstruksiya və böyük şüşə fasadlar göl və meşə mənzərəsini maksimum dərəcədə evin içərisinə daşıyır. Ağac evini xatırladan müasir dizaynı ilə sakit və təbiətə yaxın istirahət məkanı yaradır.
Bu evlərin hər biri fərqli qitələrdə yerləşsə də, onları birləşdirən ortaq cəhət memarlığın təbiətə uyğunlaşdırılmasıdır. Onlar sadəcə gözəl yay evləri deyil, həm də ətraf mühitlə harmoniyada yaşamağın mümkün olduğunu göstərən nümunələrdir.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
