İyul 9, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Araşdırma: 13 yaşından əvvəl ağıllı telefondan istifadə psixi sağlamlığa mənfi təsir göstərir

Dünyanın müxtəlif ölkələrindən 100 mindən çox gəncin iştirak etdiyi yeni araşdırma göstərib ki, 13 yaşından əvvəl ağıllı telefona sahib olmaq erkən yetkinlik dövründə ciddi psixi sağlamlıq problemləri ilə əlaqəli olur.

Araşdırmanın nəticələrinə görə, 13 yaşından əvvəl ağıllı telefondan istifadə edən şəxslər 18–24 yaşlarında intihar düşüncələri, aqressiv davranışlar, reallıq hissinin zəifləməsi, emosiyaları idarə etməkdə çətinlik və özünəinamın aşağı olması kimi problemlərlə daha çox qarşılaşırlar.

Tədqiqatda qeyd olunur ki, bu mənfi təsirlərin əsas səbəbləri erkən yaşda sosial mediadan istifadə, kibertəcavüzə məruz qalmaq, yuxu rejiminin pozulması və ailə münasibətlərinin zəifləməsidir.

Məsələn, 13 yaşında ilk dəfə ağıllı telefona sahib olanların psixi sağlamlıq göstəricisi orta hesabla 30 bal olduğu halda, 5 yaşında telefona sahib olanlarda bu göstərici cəmi 1 bal təşkil edib.

Mütəxəssislər təcili tədbirlər görülməsini istəyirlər

Araşdırmanı həyata keçirən Sapien Labs təşkilatının baş elmi əməkdaşı Dr. Tara Thiagarajan bildirib ki, alkoqol və tütün məhsullarına tətbiq edilən məhdudiyyətlərə bənzər şəkildə, 13 yaşdan kiçik uşaqların ağıllı telefonlardan istifadəsi də məhdudlaşdırılmalıdır.

Onun sözlərinə görə, inkişaf mərhələsində olan uşaqların beyni onlayn mühitin təsirlərinə daha həssasdır. Buna görə də siyasətçilər bu məsələdə ehtiyatlı mövqe tutmalıdırlar.

Müxtəlif ölkələrdə tətbiq olunan məhdudiyyətlər

Araşdırmada vurğulanır ki, bəzi ölkələr artıq məktəblərdə telefon istifadəsini məhdudlaşdırmağa başlayıb. Fransa, Niderland, İtaliya və Yeni Zelandiya məktəblərdə mobil telefonlardan istifadəni qadağan edib. ABŞ-da isə Nyu-York, Alabama və Oklahoma kimi ştatlarda oxşar məhdudiyyətlər tətbiq olunur.

Niderlandda aparılan rəsmi araşdırma göstərib ki, bu qadağalar şagirdlərin dərsə diqqətini və konsentrasiyasını artırır.

Tədqiqatçıların əsas tövsiyələri

Uşaqların psixi sağlamlığını qorumaq üçün tədqiqatçılar dörd əsas istiqamət təklif edirlər:

Rəqəmsal savadlılıq və psixi sağlamlıq təhsilini məcburi etmək;

13 yaşdan kiçik uşaqların sosial media istifadəsinə nəzarət edərək texnologiya şirkətlərini məsuliyyətə cəlb etmək;

Sosial media platformalarına girişi yaş məhdudiyyəti ilə tənzimləmək;

Ağıllı telefon istifadəsinə mərhələli şəkildə məhdudiyyətlər tətbiq etmək.

Mütəxəssislər bildirirlər ki, araşdırma səbəb-nəticə əlaqəsini tam sübut etməsə də, əldə olunan genişmiqyaslı nəticələr kifayət qədər ciddi siqnal hesab olunur. Onların fikrincə, erkən yaşda ağıllı telefondan istifadə gələcəkdə həm fərdlərin rifahına, həm də cəmiyyətin psixi sağlamlığına uzunmüddətli mənfi təsirlər göstərir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az