Amerikalı epidemioloqlar Ukrayna və Böyük Britaniyadan olan mütəxəssislərlə birlikdə dərc etdikləri məqalədə bildiriblər ki, bakteriyaların davamlılığı səbəbindən antibiotiklərin təsirini itirdiyi dövr artıq başlayıb. Lakin hələlik söhbət yalnız Ukraynadan gedir: mütəxəssislərin məlumatına görə, döyüşlərdə yaralanan ukraynalı əsgərlər çox vaxt heç bir antibiotikə reaksiya verməyən mikroorqanizmlərlə yoluxurlar.
Rusiya Elmlər Akademiyasının müxbir üzvü Roman Kozlov “Gazeta.ru”ya açıqlamasında bildirib ki, belə xəstələrin hətta 100 faizi yoluxmuş ola bilər. Bunun dünya üçün hansı təhlükələr yarada biləcəyi materialda araşdırılır.
Superbakteriyalar üçün ideal mühit
Ukraynadakı döyüş əməliyyatları, ümumiyyətlə isə bütün silahlı münaqişələr antibiotiklərə davamlı bakteriyaların sürətlə yayılması üçün əlverişli şərait yaradır.
Amerikalı, ukraynalı və şotlandiyalı alimlərin müəllifi olduğu “Superbakteriyalara qarşı müharibə: onlar bizi dayandırmadan əvvəl onları necə dayandırmalı” adlı elmi məqalədə qeyd olunur:
“Daimi hava müşahidəsi və tibbi yardımın gecikməsi qanaxmaların vaxtında dayandırılması və cərrahi müdaxilələri məhdudlaşdırıb. Bu isə müasir hərbi tibb sahəsindəki nailiyyətlərə baxmayaraq, ölüm səviyyəsinin Birinci Dünya müharibəsindən bəri görünməyən həddə yaxınlaşmasına səbəb olub.”
Müasir münaqişələrdə ağır yaralanmaların əksəriyyəti atıcı silahlardan deyil, partlayışlardan qaynaqlanır. Belə travmalar zamanı yumşaq toxumalar və sümüklər ciddi şəkildə zədələnir, yaralar torpaq, dağıntı parçaları və müxtəlif üzvi maddələrlə çirklənir. Yaralıların təxliyəsi isə saatlarla, günlərlə, bəzən həftələrlə gecikə bilər.
Məqalə müəllifləri yazırlar:
“Ukraynadakı hazırkı münaqişədə hava üstünlüyünün itirilməsi səbəbindən təxliyənin uzun müddət gecikməsi vəziyyəti daha da ağırlaşdırır. Bu müddətdə yoluxma və bakteriyaların yayılması invaziv infeksiyaya çevrilir.”
Daimi hava nəzarətinə görə yaralılar çox vaxt yalnız gecə və ya görünüş zəif olanda təxliyə edilir. Nəticədə insanlar stabilizasiya məntəqələrinə artıq ağır vəziyyətdə — çirkli yaralar, susuzlaşma və güclü halsızlıq əlamətləri ilə çatdırılır.
Alimlərin fikrincə, məhz belə şərait multirezistent mikroorqanizmlərin — yəni bir neçə antibiotik qrupuna davamlı bakteriyaların yayılması üçün ideal mühit yaradır. Əvvəlcə yara çirklənir, sonra bakteriyalar onun səthində çoxalmağa başlayır. Vaxtında tibbi müdaxilə və düzgün profilaktika olmadıqda isə bu proses ağır infeksiyaya çevrilə bilər.
Tibb bacısı çatışmazlığı
Bundan əlavə, yaralılar çox vaxt adi xəstələrlə birlikdə mülki xəstəxanalara yerləşdirilir, çirkli paltar və sarğılarla qalırlar. Tibb personalının isə tam sanitar təmizləmə aparmaq üçün həmişə kifayət qədər vaxtı və resursu olmur.
Alimlər bildirirlər:
“Bir tibb bacısına 20–30 xəstə düşdüyü şəraitdə xəstələrin yuyulması, paltar və yataq dəstlərinin dəyişdirilməsi, palatalarda gigiyenanın qorunması, hətta venadaxili antibiotiklərin gündə iki dəfədən artıq vurulması üçün belə personal çatışmır.”
Xəstələrin sıx yerləşdirilməsi və tibb bacılarının azlığı səbəbindən davamlı bakteriyalar bir insandan digərinə keçə bilir.
Döyüş zamanı yaralananlarda müşahidə olunan polimikrob infeksiyalar əsasən antibiotiklərə davamlı qram-mənfi bakteriyalar — Klebsiella (sətəlcəm törədicisi), Pseudomonas (yumşaq toxuma infeksiyaları) və Acinetobacter (xəstəxana infeksiyası) tərəfindən yaranır. Bu bakteriyalar demək olar ki, bütün antibiotiklərə qarşı davamlılıq nümayiş etdirir.
Konstantin Krutovski, Göttingen Universiteti, Sibir Federal Universiteti və Rusiya Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aparıcı elmi işçisi, “Gazeta.ru”ya açıqlamasında bildirib ki, problem yeni deyil və daha əvvəl digər müharibələrdə də müşahidə olunub.
Onun sözlərinə görə:
“Məqalə ümumilikdə müharibə şəraitində antibiotiklərə davamlılığın artması ilə bağlı müasir elmi məlumatlara uyğundur. Bu proses əvvəllər İraq və Əfqanıstanda da müşahidə olunub.
Ukraynadakı hərbi hospitalarda həqiqətən multirezistent bakteriyaların artdığı təsdiqlənib. Həmçinin belə bakteriya ştammlarının Ukraynadan Polşa, Almaniya və Niderlanddakı klinikalara keçməsi ilə bağlı məlumatlar var.
Yəni müharibənin antibiotik davamlılığının yayılmasına səbəb olması elmi baxımdan əsaslandırılmış fikirdir.”
İnqilab, yoxsa təkamül?
Bununla belə, ekspert vurğulayıb ki, bu məqaləni prinsipcə yeni “superorqanizmlərin” yaranmasının sübutu kimi qəbul etmək olmaz.
Mənbə:Gazeta.ru
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
