Almaniyada 15-24 yaş arası gənclərin ümumi əhalidəki payı 2024-cü ilin sonuna qədər 10 faizə enərək tarixdə ən aşağı səviyyəyə düşüb.
Gundelik.az xəbər verir ki, bu barədə Federal Statistika İdarəsi məlumat yayıb.
Məlumata görə, bu azalmanın qarşısı əsasən immiqrant və qaçqın axını hesabına alınıb.
Beynəlxalq Gənclər Günü ərəfəsində açıqlanan rəsmi rəqəmlərə əsasən, gənclərin əhalidəki payı 2021-ci ildən sabit qalsa da, bu sabitlik 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsindən sonra ölkəyə gələn gənc mühacirlər sayəsində mümkün olub. İmmiqrasiya keçmişi olmayan gənclərin payı 8,6 faiz olduğu halda, hər iki valideyni immiqrant olan gənclərdə bu göstərici 20,7 faizdir.
Şərqi Almaniyada gənclərin azalması daha kəskindir. Brandenburg, Mecklenburg-Vorpommern və Saksoniya-Anhalt kimi əyalətlərdə bu göstərici 9 faizdən aşağı düşüb. Qərbdə isə Bremen, Hamburq və Baden-Vürtemberq əyalətində gənclərin payı 11 faizdən bir qədər çoxdur.
Federal Məşğulluq Agentliyinin prezidenti Andrea Nahles bildirib ki, gənclərin azalması ölkə iqtisadiyyatına təsir göstərir və ixtisaslı işçi çatışmazlığı biznes üçün əsas problem olaraq qalır. EY konsaltinq şirkətinin hesabatına görə, Almaniya sənaye sektoru son bir ildə 100 minə yaxın iş yerini itirib. 2025-ci ilin sonuna qədər daha 70 min iş yerinin itiriləcəyi gözlənilir. Ən çox itki isə avtomobil sektorunda – 45 mindən çox iş yeri ilə qeydə alınıb.
Bu tendensiya demoqrafik problemlərlə birlikdə Almaniyanın istehsal və məşğulluq imkanlarını daha da məhdudlaşdırır.
Gundelik.az

