Gundelik.az Xəbərlər Kateqoriya seçilməyən Aİ Myanmaya qarşı sanksiyaları bir il müddətinə uzadıb
Dünya Kateqoriya seçilməyən Xəbərlər

Aİ Myanmaya qarşı sanksiyaları bir il müddətinə uzadıb

Avropa İttifaqı (Aİ) Şurası cümə günü Myanmadan fiziki və hüquqi şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin bir il müddətinə – 30 aprel 2026-cı il tarixinə qədər uzadıldığını elan edib.
Gundelik.az bu barədə xarici mediaya istinadən xəbər verir.

“Qərar məhdudlaşdırıcı tədbirlərin illik nəzərdən keçirilməsi əsasında və Myanmada davam edən ağır vəziyyət, o cümlədən demokratiyaya zərbə vuran hərəkətlər və ciddi insan haqları pozuntuları nəzərə alınaraq qəbul edilib”, – bəyanatda bildirilir.

Qeyd olunub ki, Aİ sanksiyaları hazırda 106 fiziki şəxs və 22 quruma şamil edilir: “Onların Aİ-dəki aktivləri dondurulur və onlara birbaşa və ya dolayı yolla vəsait və ya iqtisadi resursların verilməsi qadağandır. Bundan əlavə, siyahıya daxil olan şəxslər Aİ-yə səyahət qadağasına məruz qalır”.

Şuranın bəyanatında qeyd edilir ki, Aİ-nin digər məhdudlaşdırıcı tədbirləri qüvvədə qalır: “Silah və avadanlıqlara embarqo və daxili repressiya üçün istifadə oluna bilən rabitə monitorinqi avadanlığının ixracına məhdudiyyətlər, hərbi və sərhəd polisi tərəfindən istifadə üçün ikili təyinatlı əşyaların ixracına qadağa və hərbi təlim, eləcə də Myanma silahlı qüvvələri ilə əməkdaşlığa qadağa qüvvədə qalır”.
Sənəddə deyilir ki, bu məhdudlaşdırıcı tədbirlər Aİ-nin hökumətə birbaşa maliyyə yardımını dayandırmaqla və hərbi hakimiyyəti qanuniləşdirən bütün Aİ yardımlarını dondurmaqla tamamlanır.

“Avropa İttifaqı Myanma ordusunun 2021-ci il fevralın 1-dən atdığı hərəkətləri kəskin şəkildə pislədiyini təkrarlayır və zorakılığın bütün formalarına son qoymağa və özbaşına həbs edilmiş bütün məhbusların azadlığa buraxılmasına çağırır”, – Aİ Şurasının bəyanatında deyilir.

Gundelik.az

Exit mobile version