Gundelik.az Dünya Aİ liderləri Ukraynaya hərtərəfli dəstək vəd ediblər
Dünya Siyasət Xəbərlər

Aİ liderləri Ukraynaya hərtərəfli dəstək vəd ediblər

Avropa İttifaqının (Aİ) liderləri ABŞ Prezidenti Donald Trampın Ukrayna nizamlanması ilə bağlı təşəbbüslərini dəstəklədiklərini bildiriblər və Kiyevə yardımı davam etdirəcəklərini öhdələrinə götürüblər.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

“Biz, Avropa İttifaqı liderləri, prezident Trampın (…) Ukrayna üçün ədalətli və davamlı sülh və təhlükəsizliyə nail olmaq səylərini alqışlayırıq. Sabitlik və təhlükəsizliyi təmin edən ədalətli və davamlı sülh müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi prinsipləri də daxil olmaqla beynəlxalq hüquqa hörmətə əsaslanmalıdır”, – çərşənbə axşamı yayımlanan bəyanatda deyilir.

Sənəddə deyilir: “Avropa İttifaqı ABŞ və digər həmfikir tərəfdaşları ilə koordinasiyada özünümüdafiə kimi ayrılmaz hüququndan istifadə edən Ukraynaya siyasi, maliyyə, iqtisadi, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcək. Ukraynada sülhə gedən yol Ukraynanın iştirakı olmadan müəyyən edilə bilməz”.

“Konstruktiv danışıqlar yalnız atəşkəs və ya hərbi əməliyyatların azaldılması kontekstində baş verə bilər”, – deyə Avropa liderləri bildirib.

Eyni zamanda, onlar diplomatik həll yolunun Ukrayna və Avropanın həyati təhlükəsizlik maraqlarını qorumalı olduğunu qeyd edərək, Ukraynanın özünü effektiv müdafiə etmək qabiliyyətinin gələcək hər hansı təhlükəsizlik zəmanətlərinin tərkib hissəsi olduğunu da qeyd ediblər.

Sənədin sonunda “Macarıstan bu bəyanata qoşulmur” qeydi var.

Gundelik.az 

Exit mobile version