Ağ Ev “TikTok”da rəsmi hesab açıb.
Gundelik.az xəbər verir ki, hesabdan paylaşılan ilk videoda “Amerika, biz qayıtdıq. Nə yenilik var, TikTok?” sözləri yer alıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Çində yaradılan sosial media platformasının ABŞ şirkətinə satılması üçün müddəti 17 sentyabr 2025-ci ilədək uzadıb. Bununla belə, “TikTok”un ABŞ firmasına satışı hələ də qeyri-müəyyən olaraq qalır.
Qanuna əsasən, “TikTok” 19 yanvarda ABŞ şirkətinə satılmadığı təqdirdə ölkədə qadağan edilməli idi. Lakin həmin gün tətbiqə giriş yenidən açıldı. Tramp səlahiyyətlərinin ilk günündə bu qadağanın icrasını 75 gün müddətinə dayandıran sərəncam imzalayıb.
Prezident daha əvvəl bildirib ki, “TikTok”un tamamilə qadağan edilməsinin tərəfdarı deyil. O, tətbiqin fəaliyyətini davam etdirməsi üçün paylarının ən azı 50 faizinin ABŞ şirkətinə verilməsini şərt qoyub:
“TikTok”u satmaq və ya bağlamaq hüququmuz var. Buna biz qərar verəcəyik. Çinin də təsdiqi lazımdır, amma əminəm ki, bunu edəcəklər. Əks halda Çinə tariflər tətbiq ediləcək”.
Tramp həmçinin qeyd edib ki, əgər satışla bağlı razılaşma əldə olunmasa, o, müddəti yenidən uzada bilər. Prezident Çinə mesaj göndərərək, Pekinin satışa icazə verməsi müqabilində tarif endiriminə gedilə biləcəyini vurğulayıb.
İyunda Tramp mövcud müddəti əlavə olaraq 90 gün uzadaraq 17 sentyabr 2025-ci ilədək təxirə saldığını açıqlayıb.
Gundelik.az
