Rusiyada miras qalan pulu ələ keçirmək məqsədilə 39 yaşlı Olqa Yaroslavtseva və onun 5 yaşlı qızını öldürən keçmiş MMA döyüşçüsü Farhod Rəhimzodanın həbsxanada öldüyü bildirilir.
Gundelik.az “Haberler”ə istinadən xəbər verir ki, ikiqat qətlə görə 23 il həbs cəzasına məhkum edilən 33 yaşlı şəxsin ölüm tarixi və səbəbi hələ açıqlanmayıb.
Miras puluna görə ana və qızını hədəf aldı
Hadisə 2024-cü ilin yanvarında Rusiyanın Novosibirsk şəhərində baş verib. Tacikistan əsilli Rəhimzoda əvvəllər taksi sürücüsü işləyib. Onun Qazaxıstandan Rusiyaya köçən Olqa Yaroslavtsevanın miras yolu ilə külli miqdarda pul əldə etdiyini öyrəndikdən sonra qadını və azyaşlı qızını hədəf aldığı bildirilir.
İddialara görə, Rəhimzoda yenidən səfər etmək bəhanəsi ilə ana və qızını aldadaraq avtomobillə kimsəsiz əraziyə aparıb. 20 yanvar 2024-cü ildə qadını bıçaqlayaraq, daha sonra isə 5 yaşlı qızını boğaraq öldürüb.
O, qurbanların cəsədlərini müxtəlif yerlərdə qoyub, daha sonra onların pulunu, mobil telefonunu və avtomobilini götürüb. Avtomobilin dəyərinin təxminən 5,5 milyon rubl olduğu bildirilir.
Yaxınları ana və qızından xəbər ala bilmədikləri üçün qadının telefonuna zəng ediblər. Zəngə cavab verən Rəhimzoda isə onların yatdığını deyib.
23 il həbs cəzasına məhkum edilmişdi
Cinayətdən sonra Rusiyadan qaçmağa çalışan Rəhimzoda hadisədən beş gün sonra Qazaxıstanla Özbəkistanın sərhədində saxlanılıb. O, ittihamları rədd edərək hadisənin özünümüdafiə zamanı baş verdiyini iddia edib.
2025-ci ilin oktyabrında o, ikiqat qətl və soyğunçuluq cinayətlərinə görə 23 il müddətinə azadlıqdan məhrum edilib.
Rusiya mətbuatının son məlumatlarında Rəhimzodanın həbsxanada öldüyü iddia olunur. Lakin onun ölüm tarixi, səbəbi və hadisənin hansı şəraitdə baş verdiyi barədə rəsmi təsdiq hələ yoxdur.
Nuri
Gundelik.az
