Oktyabr 13, 2026
Baku
Elm və təhsil Xəbərlər

Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı

“Yüksək nəticə göstərən gənclərin Prezident təqaüdünə layiq görülməsi uzun illərdir davam edən mühüm ənənədir. Dövlətin gənclərin biliyini və əməyini ən yüksək səviyyədə qiymətləndirməsi onların gələcək inkişafı üçün də ciddi stimul yaradır”.

Gundelik.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə sosial media hesabında açıqlayıb.

O bildirib ki, bu il Prezident təqaüdünə namizəd olan 102 gəncin 54 nəfəri regionlarda fəaliyyət göstərən məktəblərin, o cümlədən 15 nəfəri kənd və qəsəbə məktəblərinin məzunlarıdır:

“4 nəfər isə keçmiş məcburi köçkün rayonlarına aid məktəbləri təmsil edir. Bu rəqəmlər bir daha göstərir ki, istedadın ünvanı yoxdur. Yüksək nəticə paytaxtın da, regionun da, kənd məktəbinin də sinif otağından çıxa bilər. Əsas məsələ istedadlı gəncin öz potensialını reallaşdıra bilməsi üçün imkanların əlçatan olmasıdır.

Ümumilikdə, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında 3 148 abituriyent 600 və daha yüksək bal toplayıb. Onların 1811 nəfəri regionlarda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin məzunlarıdır.

Yüksək nəticə göstərən abituriyentlər demək olar ki, respublikanın bütün şəhər və rayonlarını, o cümlədən kənd məktəblərini təmsil edirlər. Bu rəqəmlərdə ən vacib məqamlardan biri yüksək nəticələrin getdikcə daha geniş coğrafiyanı əhatə etməsidir. Gəncin harada yaşamasından və hansı məktəbdə oxumasından asılı olmayaraq biliyinin obyektiv qiymətləndirilməsi və əldə etdiyi nəticəyə uyğun imkan qazanması təhsil sistemində ədalətin əsas şərtlərindən biridir.

Dövlət İmtahan Mərkəzi də uzun illərdir yüksək nəticə göstərən gənclərin təcrübəsini öyrənir və onların uğurlarını digər abituriyentlərlə bölüşür.

Bu məqsədlə abiturient.az saytında 600 və daha yüksək bal toplayan gənclərə ayrıca bölmə də həsr etmişik. Prezident təqaüdünə layiq görülən gənclərimizi təbrik edir, hər birinə gələcək təhsil yolunda uğurlar arzulayıram”.