Sentyabr 17, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Narahatlıq yaradan düşüncələrdən nə vaxt qorxmalıyıq?

Heç darıxdırıcı bir iclasda oturarkən “Ya qəfil qışqırmağa başlasam, nə olar?” deyə düşündünüzmü?

Yaxud avtomobil idarə edərkən ağlınızdan “Ya qəza törətsəm?” fikri keçib?

Belə narahatedici ssenarilər əksər insanların zaman-zaman yaşadığı arzuolunmaz düşüncələr hesab olunur və adətən ciddi narahatlıq doğurmur.

Lakin bəzi insanlarda bu düşüncələr təkrarlanan və qarşısıalınmaz hala gələrək kompulsiv davranışlara səbəb olur. Bu, obsesiv-kompulsiv pozuntu (OKP) ilə əlaqəlidir.

“Yaxınlarıma nəsə olacaq deyə qorxurdum”

Doktor Nina Higson-Sweeney uşaqlıqda məktəbdən evə qayıdarkən ağlına yalnız “yaxşı” düşüncələr gəlmədiyi halda ailəsinin başına pis bir iş gələcəyinə inanırdı.

“Arzuolunmaz bir fikir ağlıma gələndə avtobus dayanacağından evə doğru getdiyim yolu yenidən keçirdim. Əgər bunu təkrarlamasam və nəsə baş versə, bunun mənim günahım olacağından çox qorxurdum”, – deyə o xatırlayır.

Ninaya 10 yaşında OKP diaqnozu qoyulub. O, hazırda Oksford Universitetində uşaqlar və yeniyetmələrin psixi sağlamlığı üzrə araşdırma aparır.

Nina “BBC”-nin “Complex” podkastında OKP-də obsessiyaların narahatedici və arzuolunmaz düşüncə, hiss və duyğular, kompulsiyaların isə bu düşüncələrin yaratdığı narahatlığı azaltmaq üçün təkrar-təkrar edilən davranışlar olduğunu izah edib.

Dünyada insanların təxminən 1-4 faizinin OKP ilə yaşadığı düşünülür. İngiltərədə isə 16-24 yaşlı gənclər arasında bu pozuntunun əlamətlərini bildirənlərin sayı son on ildə üç dəfədən çox artıb.

Arzuolunmaz düşüncələr nələrdir?

İstənməyən düşüncələr son dərəcə narahatedici olur. Çox vaxt insanın dəyərlərinə və özünü necə gördüyünə tamamilə zidd mövzularla bağlı olur.

Ninanın sözlərinə görə, insan sevdiklərinin başına pis hadisə gələcəyindən narahat olur.

Digər geniş yayılmış mövzulardan biri çirklənmə və xəstəliklərlə bağlı narahatlıqlardır. İnsan xəstələnməkdən və ya xəstəliyi başqalarına ötürməkdən qorxa bilər.

OKP nə vaxt başlayır?

OKP çox vaxt yeniyetməlik və ya erkən yetkinlik dövründə başlayır. Lakin bəzi insanlarda problem uzun illər gizli qaldığı üçün diaqnoz daha sonrakı yaşlarda qoyulur.

Araşdırmalar OKP-nin inkişafında genetik amillərin rol oynaya biləcəyini göstərir. Uşaqlıq dövründə yaşanan zorakılıq və ya təzyiq, yaxınını itirmə və ailənin dağılması kimi stresli hadisələr də bu pozuntu ilə əlaqələndirilir.

Psixoloq Kimberley Wilson isə demək olar ki, hər kəsin həyatının müəyyən mərhələsində narahatedici düşüncələrlə qarşılaşdığını bildirir.

Onun sözlərinə görə, araşdırmalar insanların təxminən 80 faizinin belə düşüncələr yaşadığını göstərir.

Əksər insanlarda bu düşüncələr tezliklə ötüb keçir. İnsan onları qəribə hesab edə, üzərində çox dayanmayaraq diqqətini başqa şeyə yönəldir.

Lakin düşüncələri bir kənara qoymaq mümkün olmadıqda və onlar insanın gündəlik həyatına müdaxilə etməyə başladıqda mütəxəssisə müraciət etmək lazım gəlir.

Wilsonun sözlərinə görə, OKP zamanı narahatedici düşüncələr keçib getmir, insanın beynində ilişib qalır və davamlı narahatlıq yaradır.

Bu zaman müxtəlif kompulsiv davranışlar meydana çıxır. Məsələn, insan müəyyən rəqəmə qədər təkrar-təkrar saya və ya avtomobil təkərlərinin yaxşı vəziyyətdə olduğunu bildiyi halda onları dəfələrlə yoxlayır.

OKP ilə necə mübarizə aparmaq olar?

Ninanın sözlərinə görə, belə vəziyyətlərdə ən uyğun müalicə və yanaşmanı psixi sağlamlıq mütəxəssisi müəyyən edir.

Bununla yanaşı, gündəlik həyatda narahatlığı azaltmağa kömək edə biləcək bəzi üsullar da var.

Onlardan biri düşüncələri adlandırmağı öyrənməkdir.

“‘Məndə narahatedici bir düşüncə var’ deyə fərq etmək düşüncə ilə aranıza məsafə qoyur və onun sizin özünüz olmadığını xatırladır”, – Nina deyir.

Bəzi insanlar OKP-ni özlərindən ayrı bir anlayış kimi təsəvvür etməyi də faydalı hesab edirlər. Məsələn, OKP-nin necə göründüyünü çəkmək insana “Mən varam, OKP var və bunlar iki ayrı şeydir” düşüncəsini formalaşdırmağa kömək edir.

Özünə qayğı göstərmək də vacibdir. Nina yaxşı qidalanma, kifayət qədər istirahət və fiziki aktivliyin faydalı olduğunu bildirir. Onun sözlərinə görə, stressli olduqda və özünə yaxşı baxmadıqda OKP əlamətləri daha da güclənir.

Nina hələ də OKP ilə yaşayır, lakin vəziyyətini idarə etməyi öyrənib.

“OKP-dən tamamilə xilas ola bilməmişəm, amma onunla yaşamağı bacarıram. Hazırda yüngül səviyyədə narahatedici düşüncələrim olur və onlarla necə mübarizə aparacağımı daha yaxşı bilirəm. Lakin stressli olduğum zaman bu düşüncələri görməzlikdən gəlmək çətinləşir və onlar yenidən obsessiyalara səbəb ola bilir”, – deyə o bildirib.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az