Sentyabr 17, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Rifah çağının paradoksu: Dünya zənginləşərkən gənclər niyə xoşbəxt deyil?

Dünya zənginləşir, texnologiya inkişaf edir və imkanlar əvvəlkindən daha çoxdur. Lakin bununla yanaşı, getdikcə daha çox insan həyatdan məmnun olmadığını bildirir.

Emori Universitetinin Tibb Fakültəsinin professoru İra Bedzov Psychology Today-də yayımlanan məqaləsində bu paradoksu araşdırır.

Sual sadədir: misli görünməmiş rifah dövründə insanlar niyə özlərini daha az xoşbəxt hiss edirlər?

Rəqəmlərə baxdıqda, indiki nəsil əvvəlkilərlə müqayisədə daha yaxşı şəraitdə yaşayır. Təhsil, tibb və informasiyaya çıxış imkanları genişlənib. Texnologiya isə gündəlik həyatımızı köklü şəkildə dəyişib.

Dünyanın digər ucunda yaşayan insanla anında görüntülü danışmaq, məhdudiyyətsiz onlayn kitabxanalardan istifadə etmək və dünyanın müxtəlif yerlərindən təhsil almaq 20 il əvvəl xəyal kimi görünürdü.

Buna baxmayaraq, iqtisadi artım və texnoloji tərəqqiyə paralel olaraq həyatdan məmnunluq hissinin azalması müşahidə olunur.

Refah çağının paradoksu

Son qlobal araşdırmalara görə, ABŞ-da həyatdan məmnunluq səviyyəsi əvvəlki illərlə müqayisədə aşağı düşüb və getdikcə daha çox insan özünü xoşbəxt hiss etmədiyini bildirir.

Bu vəziyyət xüsusilə Z və Y nəsillərinin gənc nümayəndələri arasında nəzərə çarpır.

“Qlobal İnkişaf Araşdırması”na əsasən, subyektiv rifah səviyyəsi ən aşağı olan qruplardan biri məhz bu nəsillərdir.

Bir çox gənc həyatlarının kifayət qədər mənalı olmadığını, gördükləri işin isə onlara məqsəd və məna hissi vermədiyini deyir.

Yaşlı Y nəsli nümayəndələri nisbətən daha yaxşı vəziyyətdə olsalar da, onların da karyera, maliyyə öhdəlikləri və ailə ilə bağlı narahatlıqların təzyiqini daha çox hiss etdiyi bildirilir.

X nəsli və İkinci Dünya müharibəsindən sonra doğulan nəsil ümumilikdə həyatdan daha çox məmnun görünür. Lakin İra Bedzovun fikrincə, onlar da 10-20 il əvvəl eyni yaşda olan insanlarla müqayisədə daha az xoşbəxtdirlər.

Bu tendensiya o qədər diqqət çəkib ki, 2023-cü ildə ABŞ-ın keçmiş baş səhiyyə müşaviri Vivek Murti tənhalıq və sosial təcridi ciddi ictimai sağlamlıq problemi kimi qiymətləndirib.

Bəs zənginlik artdıqca insanlar niyə daha az xoşbəxt olurlar?

Sonsuz müqayisə tələsi

Səbəblərdən biri sosial müqayisə mexanizmidir.

Tarixin böyük hissəsində insanlar özlərini yalnız şəxsən tanıdıqları insanlarla müqayisə edirdilər: qonşular, dostlar və həmkarlarla. Sosial çevrə nisbətən məhdud idi.

Sosial media isə bunu kökündən dəyişdi.

İndi insanlar hər gün dünyanın müxtəlif yerlərindən yüzlərlə uğur hekayəsi görür və onların demək olar ki, hamısı mükəmməl görünür.

Səyahətlər, karyera uğurları, gözəl münasibətlər, aktiv həyat tərzi… Sosial media paylaşımları əsasən insanların həyatlarının seçilmiş və ən yaxşı anlarından ibarətdir.

Belə paylaşımları hər gün görən gənc, əslində hər şey qaydasında olsa belə, öz həyatının kifayət qədər maraqlı və ya uğurlu olmadığını düşünür.

Digər tərəfdən, diqqətin az sayda sosial media fenomeninin üzərində cəmlənməsi insanlarda sosial mühitdə özlərinə kifayət qədər yer olmadığı hissini yaradır.

Belə bir mühitdə özünü görünməz hiss etmək asanlaşır.

Araşdırmalar sosial müqayisənin gənclər arasında narahatlıq və depressiya əlamətləri ilə əlaqəli ola biləcəyini göstərir. İnsan özünə hörmətini getdikcə başqalarının, hətta tanımadığı insanların onu internetdə necə qiymətləndirməsindən asılı vəziyyətə gətirir.

Lakin İra Bedzova görə, problem yalnız müqayisə ilə məhdudlaşmır. Daha dərin məsələ xoşbəxt həyatın nə demək olduğu barədə təsəvvürümüzlə bağlıdır.

Xoşbəxtlik nümayişə çevriləndə

Bu gün uğur getdikcə başqalarına nümayiş etdirilməli olan bir şey kimi qəbul edilir.

Sosial şəbəkələrdə yeni nailiyyətlər, karyera uğurları, səyahətlər və xoşbəxt münasibətlərlə bağlı paylaşımlarla qarşılaşırıq.

Beləcə, hiss etmədən bir dəyişiklik baş verir. İnsanlar sevdikləri ilə vaxt keçirmək əvəzinə, sosial mediada paylaşa biləcəkləri fəaliyyətlər axtarmağa başlayırlar.

Bunun nəticəsində uğurun xarici göstəricilərinə maraq artır: nüfuzlu universitet diplomları, tanınmış şirkətlərdə təcrübə proqramları, bahalı alış-verişlər, dəbdəbəli məclislər və ekzotik səyahətlər.

İnsanlar bütün bunlarla birlikdə xoşbəxtliyin də avtomatik gələcəyini düşünə bilərlər.

Lakin çox vaxt nəticə fərqli olur. Qarşıya qoyulan məqsədə çatdıqdan sonra insan sevincin gözlədiyindən daha qısa və zəif olduğunu görür və məyusluq başlayır.

Arzu edilən həyat və reallıq

Bir çox gənc uğurlu həyatla bağlı təsəvvürləri ilə real həyat arasında getdikcə böyüyən fərq hiss edir.

Xəyal edilən həyat ssenarisinə prestijli təhsil, yaxşı iş, uğurlu karyera, səyahətlər, maddi imkanlar və aktiv həyat tərzi daxildir.

Reallıq isə çox vaxt gündəlik rutin, stress və qeyri-müəyyənlikdən ibarətdir.

Ən əsası, bunların heç biri mütləq şəkildə insana məna, yaxınlıq və daxili sabitlik hissi vermir.

Xoşbəxtlik yalnız böyük nailiyyətlərdən yaranmır. O, çox vaxt həyatın adi anlarında üzə çıxır.

İşdə, münasibətlərdə, birlikdə görülən işlərdə və insanın həqiqi dəyərlərinə uyğun gələn fəaliyyətlərdə. Yəni yalnız sosial mediada yaxşı görünən şeylərdə deyil.

Pul xoşbəxtlik gətirməyəndə

İqtisadi inkişaf həqiqətən də insanların həyatını yaxşılaşdırır. O, təhlükəsizlik, rahatlıq və yeni imkanlar yaradır.

Lakin müəyyən rifah səviyyəsindən sonra pulun xoşbəxtliyə təsiri zəifləyir. Bu mərhələdə digər amillər daha böyük əhəmiyyət qazanır:

güclü sosial əlaqələr;

müstəqillik və seçim imkanları;

cəmiyyətə aidlik hissi;

yaxın münasibətlər.

Bunlar insanın öz həyatını necə qiymətləndirməsində mühüm rol oynayır.

Qadağalar niyə işə yaramır?

İlk baxışda həll sadə görünə bilər: sosial mediada daha az vaxt keçirmək.

Lakin İra Bedzova görə, bu yanaşma hər zaman effektiv olmur.

Psixoloqlar bunu psixoloji reaktans adlandırırlar. Bu, insanın azadlığının məhdudlaşdırılmasına qarşı göstərdiyi təbii reaksiyadır.

İnsana “bunu etmə” deyildikdə, bəzən həmin hərəkəti etmək istəyi daha da arta bilər.

Bu səbəbdən “telefondan daha az istifadə et” kimi qaydalar həmişə gözlənilən nəticəni vermir.

Əsas məsələ insanların niyə davamlı olaraq sosial mediada vaxt keçirdiyini anlamaqdır.

Bunun arxasında çox vaxt cansıxıcılıq, tənhalıq və ya başqaları ilə əlaqə qurmaq ehtiyacı kimi sadə səbəblər dayanır.

İnsan bu ehtiyaclarını qarşılamağın başqa yollarını tapdıqda, davranışı da tədricən dəyişir.

Müqayisədən əlaqəyə

İra Bedzovun məqaləsində əsas fikir sosial müqayisənin yerini sosial əlaqələrin tutmasının vacibliyidir.

Z nəslinin yaşadığı dünyada imkanlar əvvəlkindən daha çoxdur. Bununla yanaşı, uğur daim nümayiş etdirilir, real insanlarla əlaqələr isə bəzi hallarda zəifləyir.

Beləliklə, müasir dövrün əsas ziddiyyətlərindən biri ortaya çıxır: misli görünməmiş imkanlar və rifah artımı eyni zamanda həyatdan narazılıq hissi ilə müşayiət oluna bilər.

Bəlkə də həll yolu göründüyündən daha sadədir.

Daha xoşbəxt olmaq üçün insanın daim yeni nailiyyətlərin arxasınca qaçmasındansa, artıq sahib olduğu şeylərlə necə daha mənalı həyat quracağına diqqət yetirməsi daha vacib olur.

 

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az