Sentyabr 3, 2026
Baku
⁠Ailə, qadın və uşaq Xəbərlər

Uşağım fenomen olmaq istəyir: Valideynlər nələrə diqqət etməlidirlər?

Uşaqların sosial media platformalarına marağı getdikcə artır. Rəsmi qaydalara görə, sosial media hesablarından istifadə üçün minimum yaş həddi 15-dir. Buna baxmayaraq, daha kiçik yaşlı uşaqlar da valideynlərinin və ya digər böyüklərin hesabları vasitəsilə bu platformalara daxil olurlar.

Rəqs etmək, mahnı oxumaq, oyun videoları çəkmək, istedadlarını nümayiş etdirmək və müxtəlif məzmunlar hazırlamaq istəyən uşaqların sayı çoxdur. Bəziləri isə gələcəkdə sosial media fenomeni olmaq arzusundadır. Mütəxəssislər hesab edirlər ki, uşağın bu istəyini tamamilə qadağan etməkdənsə, onu düzgün istiqamətləndirmək və təhlükələrdən qorumaq daha vacibdir.

Uşaqlar kiberzorakılıq və təhdidlərlə üzləşə bilər

Uşaq və Yeniyetmə Psixiatrı, uzman Dr. Öndər Küçük bildirir ki, uşaqlar sosial mediada kiberzorakılıq, təhdid, şantaj və müxtəlif istismar halları ilə qarşılaşa bilirlər.

Xüsusilə mənfi şərhlər uşağın psixoloji vəziyyətinə təsir göstərə, özünəinamını azaldır. Yaşa uyğun olmayan cinsi, qorxuducu və zorakılıq məzmunlu videolar da uşaqlar üçün ciddi risk yaradır.

Mütəxəssis valideynlərin uşağın internetə marağını anlamağının vacibliyini vurğulayır. Onun fikrincə, valideyn yalnız qadağa qoyan tərəf olmamalı, uşağın rəsm çəkməsi, fəaliyyət videosu hazırlaması və yaşına uyğun digər məzmunlar yaratması prosesində ona dəstək verməlidir.

Uşağın görüntüləri açıq şəkildə paylaşılmamalıdır

Mütəxəssislər uşaqların foto və videolarının internetdə nəzarətsiz şəkildə paylaşılmasının təhlükəli olduğunu bildirirlər.

Uşağın görüntüləri paylaşılacaqsa, mümkün qədər məhdud auditoriyanın görə biləcəyi qapalı platformalardan istifadə edilməlidir. Uşağın şəxsi məlumatları, yaşadığı yer, məktəbi, gündəlik fəaliyyəti və digər məxfi məlumatları da ictimai şəkildə paylaşılmamalıdır.

Sosial media uşaqların özünəinamına təsir edir

9-12 yaş dövründə uşaqlarda bədən görünüşü ilə bağlı özünəinam problemlərinin formalaşması mümkündür. Sosial mediada ideal gözəllik standartlarının nümayiş etdirilməsi uşaqların öz görünüşlərini başqaları ilə müqayisə etməsinə səbəb olur.

Oğlan uşaqlarında isə xüsusilə oyun videolarına maraq ön plana çıxır. Bu məzmunlarda zorakılıq, söyüş və kobud ifadələrin çox olması onların davranışlarına təsir göstərə bilər. Nəticədə uşaqlarda əsəbilik, səbirsizlik, aqressiv davranış və sosial münasibətlərdə problemlər yaranır.

13 yaş sosial media üçün kifayətdirmi?

Mütəxəssislər 13 yaşdan əvvəl uşağın sosial media hesabı açmasının və ictimai şəkildə paylaşım etməsinin uyğun olmadığını bildirirlər. Bununla belə, uşağın hazırladığı videoların valideyn nəzarəti altında və məhdud auditoriyaya təqdim edilməsi mümkün olur.

İletişim mütəxəssisi və sosial media məsləhətçisi Nurhan Demirel isə sosial media platformalarındakı yaş həddinin artırılmasının tərəfdarıdır. Onun sözlərinə görə, uşaqların rəqəmsal savadlılığının kifayət qədər olmaması onları dələduzluq, təhdid və şantaj kimi təhlükələr qarşısında müdafiəsiz qoyur.

Ən böyük problemlərdən biri – uşağın məxfiliyi

Demirel uşaqların sosial mediada qarşılaşdığı əsas təhlükələr sırasında uyğun olmayan məzmun, kiberzorakılıq, təhdid, şantaj və təhqirləri qeyd edir.

O, xüsusilə saxta profillərə diqqət çəkir. Tanımadıqları şəxslər özlərini uşaq kimi təqdim edərək uşaqlarla dostluq qura, onların görüntülərini əldə edə və hətta real həyatda görüşməyə cəhd göstərə bilərlər. Süni intellekt vasitəsilə uşağın görüntülərinin dəyişdirilməsi və sonradan şantaj məqsədilə istifadə edilməsi də mümkün risklər sırasındadır.

Mütəxəssislər vurğulayırlar ki, uşağın sosial mediada təhlükəsizliyinin təmin edilməsində əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər həm özlərinin, həm də uşaqlarının rəqəmsal savadlılığını artırmalı, internetdən istifadə prosesinə nəzarət etməli və uşağın məxfiliyini hər şeydən üstün tutmalıdırlar.

Uşağın sosial mediaya marağını tamamilə qadağan etmək əvəzinə, onun bacarıqlarını təhlükəsiz və nəzarətli şəkildə inkişaf etdirmək daha doğru yanaşmadır.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az