“Tərbiyə üsulu – şəxsiyyətə toxunmaq alətidir” A.S.Makarenko Müəllim şagirdin ruhuna, dünyagörüşünə toxunanda qalıcı dəyər sahibi olur.
Bizə dərs deyənlərin müəllimlərin hamısın yaddaşımızda saxlamırıq və ya saxlaya bilmirik. Onun yaddaşımızda özünə yer etməsi üçün ağırlığı və sanbalı olmalıdır.
Şəmsi müəllimə mənə 40 öncə dərs demişdi. Mənim ibtidai sinif müəlliməm olmuşdu. Uşaq yaddaşıma qayıdıram… Əlimdən tutub mənə hərf yazmağı öyrədən Şəmsi müəllimə əslində daş üzərində yazılmış uşaq yaddaşıma öz adını da yazdırmışdı…
İki gün öncə qohum məclisində eşitdim ki, Şəmsi müəllimənin sağlamlığında ciddi problemlər yaranıb. Ortaq qohumluq əlaqəmiz də var idi. Toy da, yas da görüşərdik. Hər görüşdə də keçmişdən səhifələri çevirərdik. Çevrilən səhifələri bir keçmiş kimi xatırlamırdım, mənalı səhifə olaraq göz önünə gətirirdim.
Şəmsi müəllimənin sağlığında yaranmış problemlə bağlı evində ziyarət qərarına gəldim. Görüşüb, yenə də maraqlı söhbətimizi davam etdirmək istəyi ilə mənzillərinə getdim. Qızı nəzakətli formada bizi başqa bir otaqda əyləşməyimizi təklif etdi. Sonra bizə izah etdi ki, anası koma vəziyyətindədir.
Heç şübhəsiz ki, bizim onu daha yaxından, həyatdan fiziki olaraq qopmuş durumunu görməməyimiz, narahat olmamağımız üçün belə etdi. Biz kövrəlməyək, gözümüzdə əvvəlki gördüyümüz elə insan olaraq xatırlayaq.
Ölümün bir addımlığının həyacanı var. Amma heç kim bundan qaça bilmir. Dini kitablarımızda deyildiyi kimi: heç şübhəsiz ki, hər kəs ölümü dadacaqdır. Obrazlı desək, o gəmi bir gün bu limana gələcək. Hərə o gəminin hansı saat ona doğru gələcəyini bilmir…
Başqa otaqda əyləşib, Şəmsi müəllimənin xəstəliyi haqqında qızı ilə danışdıq. Müəllimə kimi peşəkar pedaqoqluğundan, qohum kimi isə əsl müdrik
və ağbirçək bir xanım olmasından bəhs etdik. Qalxmaq zamanı idi. Evi tərk etmək istərkən əziz müəlliməmlə sonuncu dəfə əzabla da olmuş-olsa görüşməyi vacib bildik və görüşdük. Müəlliməmin ömrünün son gününü, saatlarını görmək mənim üçün ağır idi. Məyus oldum. Danışa bilmədik…
Mən də daxil olmaqla onun daha heç kimə deməyə sözü qalmamışdı. Amma bizə söz yazmağı, danışmağı öyrədən müəlliməmə mənim deməyə sözüm var idi. Deməyə əcəl imkan vermədi, yazmalı oldum. Mənə söz yazmağı, danışmağı öyrədən müəlliməmə sözümü ancaq yaza bildim.
*****
Şəmsi müəlliməni necə xatırladım? Onu uşaq yaddaşımdan orta yaş hafizəmə qədər necə gətirdim? Müəlliməmi bir obraz olaraq qəlbimə necə yazdım?
Suallar ətrafında fikirləşəndə aydın bir yolu yenidən izləməli oldum. Naxçıvan şəhərində yerləşən 10 saylı orta məktəbin 1980-ci ildə birinci sinifinə getdim. Hansı sinifə düşəcəyimi bilmirdim. Uşaqları müxtəlif siniflərə böldülər. Bir müəllimə sinifə daxil oldu. Ciddi görkəmli, yarımçıq təbəssümü və ağlı-qaralı arxaya daranmış saçlı müəllimə idi. Saçın ortadan ayıran əsl azərbaycanlı xanımı təsiri bağışlayırdı.
Çox tələbkar və ciddiyyət tərəfdarı olan müəllimə idi. İlk günlər hökmlü görünürdü. Hökm etməyin qarşısına “müəllimə” sözünü əlavə etsək, o əmr etmək mənasına gəlməz, intizam qarışıq sistemli öyrənmək mənasına gələr. İntizamlı öyrənənin isə hər zaman ictimai nüfuzu olar. Rəğbət qazanar və
yüksək reputasiyaya malik olar.
Zəhmətkeş və intizamlı olmasını sonrakı üç il ərzində hər addımda görürdük. Elə müəllimələr olurdu ki, onlar uşaqları sadəlövh sayıb onların təbaşirlə
lövhədə yazı yazmasını tələb edirdi. Amma özləri təbaşiri müəllimin vacib atributu saymırdılar. Görürsünüz, uşaq yaddaşımda bütün bunları daş üzərində yazılmış yazı kimi indi birnəfəsə yazıram. Demək, uşaq yaddaşını əhəmiyyətsiz sayıb onları hərfləmək olmur. Ona hərf yazmağı öyrətsən belə…
Şəmsi müəllimə təbaşiri elə şövqlə yazırdı ki, sanki üzərinə qonan və əlini ağ rəngə qərq edən tozun zövqünü yaşayır. Özünü təbaşirin tozundan qorumurdu. Mən şagird olan da, tələbə dövrlərində və hazırda müəllim olduğum dövrlərdə də heç bir müəllimin (müəllimənin) əlinin, üstünün tozunu Şəmsi müəllimə qədər toza batdığını görə bilmədim… Mənim şagird yaddaşımda (şüurlatımda) belə qalıb ki, dünyada yeganə təbaşirlə ürəklə işləyən və onun tozundan özünü qorumayan yeganə pedaqoq elə Şəmsi müəllimə olub. Digərləri özlərini hissdən, tozdan, torpaqdan özlərini qoruyanlardır.
Təbaşirlə söz yazılan lövhələrdən ağıllı lövhələrə (“smartboard”) uzun bir yol keçdik. Texnoloji inkişafin təkəri bizi XXI əsrə gətirdi. Düşünürük ki, ağıllı
lövhələr ənənəvi taxta lövhələri çox geridə qoyub. Biri müasirliyin, digəri arxaizmin əlamətidir. Amma təyinatları eynidir. Ağıllı lövhənin yazı taxtasından birmənalı üstünlüyü olsaydı, Silikon vadisində təbaşirli taxtadan istifadə olunmazdı və elektron cihazlardan istifadəni qadağan edən qaydalar olmazdı.
Ona görə yazı taxtasında təbaşirlə yazı yazmağın zövqünü bizə Şəmsi müəllimə qədər öyrədən olmadı.
Üstünü-başını təbaşirin tozundan qoruyan, əməkhaqqı kartınının daha çox düşünən və repititorluq gözləntisi olan müasir müəllimə bolluğunda əli təbaşirli müəllimələrin hələ xiffətini hələ çox çəkəcəyik. Şəmsi müəllimədən bir də gəlməyəcək. Riyaziyyat müəlliməmiz Xanım müəllimədən də həmçinin….
Şəmsi müəllimə tələbkar və ciddiyyəti sevən müəllimə idi. Bizim hərəmiz isə bir ailənin mədəniyyəti ilə həmin siniflərə gəlmişdik. Mən şagird olanda qara- qura uşaq idim. Qaraqabax, az danışan və bir az da ciddi görkəmim var idi.
Şəmsi müəllimənin ilk dərs rejimindən ciddiyyətli davranışından və uğurlu bədən dili vasitəsilə ötürdüyü motivasiyasından başa düşdük ki, oxumaqdan başqa çarəmiz yoxdur. Ondan qiymət almaq asan deyildi. Ondan “4” qiymət alanda sevinərdik. Ondan “4” almağın ağır çalışması və mühüm bədəli var idi.
Pioner qalstuqu taxdığımız, müəlliməmizlə olan bu fotonu 1985-ci ildə çəkdirmişik. İbtidai sinif müəlliməmiz Şəmsi müəllimə bizə yazmağı, oxumağı
öyrədirdi. Amma ibtidai sinifdən yuxarıdakı siniflərdə isə sovet uşağı olmağın “nağılları” uydurulacaqdı. Bizə Lenin yolu, sovet ideologiyası aşılanacaqdı.
Uşaq yaddaşımıza “Lenin baba” şeri ilə bizlər manipulyasiya olunacaqdıq, beynimiz zəhərli ideologiya ilə “yuyulacaqdı”. Amma min şükürlər olsun ki,
totalitar xoruna heç zaman qoşulmadım. Mənim atam da heç vaxt kommunist partiyasının üzvü də olmadı. Mən də partnomenklatura sıralarında durmadım.
Yalanın, xorun bir parçası olmadım, həqiqətin və demokratiyanın zərrəsi olmaq yolun tutdum. Bu mənə baha başa gəldi. Amma heç nədən qorxmadım və mədəni dünyanın getdiyi yolu ən doğru yol saydım. Özüm oldum. Təbliğ olunanları götürmədim. Pioner qalstuqun taxıb böyük kommunist olmaq ağlımdan keçmədi.
Müstəqillik illərində çoxluğun getdiyi relsdə məni özünə çəkmədi. Mən başa düşürdüm ki, azad insanın, güclü vətəndaşın və rifah dolu cəmiyyətin yolu
demokratiyadan keçir. Gerçəkdən də demokratiyaya alternativ yoxdur!
İngilis dilində “education” dilimizə qarşılığı “təhsil” sözü latın dilində “educe”dən alınma sözdür və mənası “dik duruş, ayaqda durmaq” deməkdir.
Əslində təhsil almaq insanı dir duruşlu olmağa, prinsiplərini formalaşdırmağa səsləndirməlidir. Təhsilli insanın “duruş” problemi varsa, demək ki, o təhsildən heç nə götürməyib. Tədqiqatlar göstərir ki, demokratiyanın daha çox oturuşduğu ölkələr məhz daha çox kitab oxunan və keyfiyyətli təhsil sistemi olan ölkələrdir.
Hər bir uşaq yaddaşı olan insanda yaxşı müəllim kimdir sualı var. Yaxşı müəllimin obrazında sərt davranış yox, yumşaq davranış olur. Yaxşı müəllim
tənqid etməyi yox, həvəsləndirməyi və mükafatlandırmağı sevir. Yaxşı müəllimə uğurlu davranışı və yeriyən ensklopedik biliyi ilə özünün xəritəsini öyrencinin yaddaşlarda çəkə bilir. İdeal müəllim Raçinski fədakarlığı ilə müəllim peşəsini fərqləndirə bilirdi. Şəmsi müəllimə isə təkrarçı yox, orijinal xarakteri ilə yaxşı müəllimənin obrazını yaddaşımıza yazdı.
Yaşasaydı, avqust ayının 10-da 85 yaşında bu dünyaya növbəti dəfə salam verəcəkdi. Müəlliməmlə sonuncu dəfə tanış insanlar kimi görüşüb-danışmaq qismətim olmadı. Ömür vəfa etmədi… Onu sonuncu gün ziyarət etməyə gedəndə artıq o heç kimi tanımırdı. O məni tanımadı ki, mən onun şağirdi olmuşam, amma bilirdim ki, o mənim MÜƏLLİMƏM olub… Əziz Müəlliməm, əbədi olaraq qəlbimizdəsən! Ruhun şad olsun!

Məmməd Talıblı
Gundelik.az
