Türk Dövlətləri Təşkilatının (TDT) ilk birgə peyki olan OTS-SAT-ın 2027-ci ildə buraxılması planlaşdırılıb.
Gundelik.az-ın Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadən verdiyi məlumata görə, layihəni nazirliyin rəhbəri Jaslan Madiyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev müzakirə ediblər.
Bildirilib ki, kosmik aparatı qazaxıstanlı mühəndislər və mütəxəssislər Astanada yerləşən Kosmik Aparatların Yığma və Sınaq Kompleksinin bazasında hazırlayırlar: “Peykin mühəndis modeli artıq tam yığılıb, işlər təsdiq edilmiş qrafikə uyğun olaraq aparılır”.
Bundan başqa, tərəflər çərçivə sazişinin hazırlanması, layihənin maliyyələşdirilməsi və buraxılışın təşkili məsələlərini nəzərdən keçiriblər.
J.Madiyevin sözlərinə görə, OTS-SAT-ın həyata keçirilməsi TDT ölkələrinin texnoloji əməkdaşlığını gücləndirəcək və yeni birgə layihələr üçün imkanlar yaradacaq.
