Sentyabr 21, 2026
Baku
Aktual Elm və təhsil Xəbərlər

Ekspert: Xaricdə təhsil tələbəyə yalnız diplom deyil, yeni dünyagörüşü də qazandırır

Xaricdə təhsil son illərdə gənclərin diqqət göstərdiyi əsas istiqamətlərdən birinə çevrilib. Lakin bu proses yalnız xarici universitetdə təhsil almaq və diplom əldə etməkdən ibarət deyil. Fərqli ölkədə yaşamaq və oxumaq tələbəyə yeni akademik mühit, müxtəlif mədəniyyətlər və fərqli düşüncə tərzləri ilə tanış olmaq imkanı yaradır.

Təhsil eksperti Anar Kazımov bu barədə Gundelik.az-a açıqlamasında bildirib ki, xaricdə təhsil gənclərin həm peşəkar, həm də şəxsi inkişafına təsir edən mühüm təcrübədir.

Ekspertin sözlərinə görə, xaricdə təhsil alan tələbə yalnız ixtisası üzrə biliklər əldə etmir:

“Xaricdə təhsilin əsas üstünlüklərindən biri tələbənin fərqli mühitə düşməsidir. O, müxtəlif ölkələrdən olan tələbələrlə ünsiyyət qurur, fərqli yanaşmaları müşahidə edir və dünyaya daha geniş prizmadan baxmağa başlayır. Bu təcrübə gələcək karyera baxımından da mühüm rol oynaya bilər”.

Anar Kazımov qeyd edib ki, xaricdə təhsil qərarı verərkən yalnız universitetin adına və ya ölkənin populyarlığına diqqət yetirmək düzgün yanaşma deyil.

“Gənclər seçim zamanı ilk növbədə öz məqsədlərini müəyyənləşdirməlidirlər. Seçilən ixtisasın məzmunu, universitetin akademik imkanları, tədris dili, qəbul tələbləri, yaşayış xərcləri və təqaüd imkanları əvvəlcədən araşdırılmalıdır. Eyni zamanda, tələbənin həmin ölkənin təhsil və sosial mühitinə uyğunlaşmaq imkanlarını da nəzərə almaq vacibdir”, – deyə ekspert vurğulayıb.

Ekspertin fikrincə, xaricdə təhsil almaq istəyən gənclərin əvvəlcədən plan qurması onların qarşılaşa biləcəyi bir sıra çətinliklərə daha hazırlıqlı olmasına kömək edir.

“Xaricdə təhsil bir növ uzunmüddətli investisiyadır. Burada söhbət yalnız maliyyə yatırımı deyil, vaxt, əmək və şəxsi inkişafdan da gedir. Buna görə də qərar emosional deyil, məlumatlı şəkildə verilməlidir”, – Anar Kazımov bildirib.

O əlavə edib ki, xaricdə təhsil təcrübəsi gənclərə müstəqil qərarvermə, ünsiyyət, vaxtın idarə olunması və müxtəlif mühitlərdə işləmək kimi bacarıqlar da qazandıra bilər.

“Əslində xaricdə təhsilin ən böyük nəticələrindən biri tələbənin özünü daha yaxşı tanımasıdır. Yeni mühitdə insan öz güclü və zəif tərəflərini daha aydın görə bilir. Bu baxımdan xaricdə təhsil yalnız diplom əldə etmək deyil, həm də yeni dünyagörüşü formalaşdırmaq üçün imkan yaradır”, – deyə ekspert qeyd edib.

Nurəddin Abdullayev
Gundelik.az