İyul 21, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanda istilik obyektlərinin rəqəmsal xəritəsi formalaşdırılır

“Azəristiliktəchizat” ASC-nin (AİT) daxili resursları hesabına qazanxanalar, istilik məntəqələri və istilik şəbəkələrinin rəqəmsal xəritəsinin formalaşdırılmasına başlanılıb.

Gundelik.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq səhmdar cəmiyyətindən bildirilib.

Sosial əhəmiyyət daşıyan rəqəmsal xidmətlər

Qeyd edilib ki, bu istiqamətdə məqsəd yalnız obyektlərin xəritə üzərində göstərilməsi deyil, mərhələli şəkildə praktiki GIS (Coğrafi Məlumat Sistemi) əsaslı idarəetmə alətinin yaradılmasıdır: “Belə bir xəritə gələcəkdə qazanxanaların, istilik xətlərinin, xidmət zonalarının, qoşulma nöqtələrinin, abonent obyektlərinin, qəza və təmir tarixçəsinin, texniki vəziyyət göstəricilərinin və investisiya ehtiyaclarının vahid məkan məlumatları bazasında idarə olunmasına imkan verəcək. Bu yanaşma həm istismar və təmir işlərinin planlaşdırılmasını, həm yeni qoşulmaların texniki baxımdan qiymətləndirilməsini, həm də qəzaların və itkilərin daha operativ lokallaşdırılmasını asanlaşdıracaq. Eyni zamanda rəqəmsal xəritə gələcəkdə dispetçer monitorinq sistemi, elektron xidmətlər, texniki şərt müraciətləri və analitik hesabatlılıqla inteqrasiya edilərək qərarların daha dəqiq məlumatlar əsasında qəbul olunmasına xidmət edəcək”.

Məlumata görə, xüsusilə regionlarda yaşayan, həmçinin vaxt məhdudiyyəti olan insanlar və ya fiziki məhdudiyyətli şəxslər üçün rəqəmsal xidmətlərin genişləndirilməsi mühüm sosial əhəmiyyət daşıyır: “Məqsəd odur ki, vətəndaş istilik təchizatı ilə bağlı əsas müraciətlərini kağız sənəd, fiziki növbə və əlavə vasitəçi təmasa ehtiyac olmadan, vahid dövlət rəqəmsal mühiti üzərindən izlənilən, şəffaf və rahat formada həyata keçirə bilsin. Bununla yanaşı, rəqəmsallaşmanın faydası yalnız istifadəçi rahatlığı ilə məhdudlaşmır. Texniki və inzibati proseslərin optimallaşdırılması, məlumatların daha dəqiq idarə olunması, təkrar əməliyyatların və rutin işlərin azaldılması cəmiyyətin ümumi xərclərinin mərhələli şəkildə optimallaşdırılmasına imkan yaradır. Bu isə uzunmüddətli dövrdə istilik təchizatı sahəsində daha səmərəli idarəetməyə, resurslardan qənaətli istifadəyə və dövlət büdcəsi üzərinə düşən maliyyə yükünün müəyyən hissəsinin azaldılmasına xidmət edə bilər”.

Bildirilib ki, “Azəristiliktəchizat” ASC-də rəqəmsal transformasiya istiqamətində işlər mərhələli və sistemli şəkildə aparılır: “Bu prosesi yalnız ayrıca elektron xidmətlərin yaradılması kimi deyil, bütövlükdə müəssisənin idarəetmə, məlumat, abonent xidməti və texniki istismar proseslərinin rəqəmsal əsasda yenidən qurulması kimi görürük. Son dövrlərdə səhmdar cəmiyyət üzrə vahid korporativ ERP sistemi tətbiq edilib, əsas məlumat bazalarının sistemə yüklənməsi təmin olunub, struktur bölmələr arasında sənəd dövriyyəsi və daxili yazışmalar rəqəmsal mühitə keçirilib. Bu, həm idarəetmə qərarlarının daha operativ qəbuluna, həm də daxili proseslərin izlənilən və ölçülə bilən formaya salınmasına imkan yaradır”.

Etibarlı məlumat infrastrukturun qurulması

Səhmdar cəmiyyətindən o da qeyd edilib ki, o, hazırda əsas diqqəti məlumat bazasının keyfiyyətinin və dərinliyinin artırılmasına, abonent, müqavilə, ünvan, obyekt, borc, ödəniş və texniki məlumatların daha dəqiq əlaqələndirilməsinə yönəldib: “Çünki abonentə keyfiyyətli elektron xidmət göstərmək üçün ilk öncə arxa planda düzgün, etibarlı məlumat infrastrukturu olmalıdır. Vətəndaşyönümlü elektron xidmətlər üzrə növbəti mərhələ “mygov” platforması ilə inteqrasiya çərçivəsində nəzərdə tutulur. “Azəristiliktəchizat”ın 5 əsas xidmətinin elektronlaşdırılması planlaşdırılır: abonent məlumatlarının dəyişdirilməsi və dəqiqləşdirilməsi, borcun olması və ya olmaması haqqında arayışın verilməsi, istilik enerjisi təchizatı sisteminə qoşulma üçün texniki şərtin verilməsi, isti su sayğaclarının quraşdırılması və istismarında yaranmış qüsurlar üzrə müraciətlər, həmçinin istehlakçıların qeydiyyata alınması, müqavilənin bağlanması, ləğvi və tərəfin dəyişdirilməsi. Bu xidmətlər üzrə istifadəçi interfeysinin “mygov” mühitində qurulması, AİT tərəfində isə “backend”, “back-office”, sənəd generasiyası, bildiriş, ödəniş və məlumat inteqrasiyası mexanizmlərinin yaradılması nəzərdə tutulur”.

Məlumatda əlavə olunub ki, hazırda bu xidmətlər yeni rəqəmsal model kimi formalaşdırıldığı üçün tam elektron müraciət statistikası hələ mövcud deyil: “Bununla belə, gözlənilən nəticə ondan ibarətdir ki, vətəndaşın quruma fiziki müraciət etməsi, sənəd toplaması, müraciətinin hansı mərhələdə olduğunu telefonla və ya yerində öyrənməsi ehtiyacı əhəmiyyətli dərəcədə azalacaq. Planlaşdırılan modeldə istifadəçi “mygov” üzərindən AİT məkanına daxil olduqda ilk növbədə öz cari borcunu, borcun strukturunu, ödəniş tarixçəsini və mövcud müraciətlərini görə biləcək. Borc göstəricisinin yanında onlayn ödəniş imkanı yerləşdiriləcək və istifadəçi əlavə menyular axtarmadan ödənişə keçə biləcək. Bu, həm vətəndaş üçün vaxt itkisini azaldacaq, həm də ödəniş intizamının və şəffaflığın artırılmasına xidmət edəcək”.

Onlayn dəqiqləşdirmə mexanizminin tətbiqi

Səhmdar cəmiyyətindən vurğulanıb ki, rəqəmsal hökumət konsepsiyası çərçivəsində əsas hədəflərdən biri məlumatların təkrar tələb edilməməsidir: “Bu baxımdan FİN və VÖEN əsasında istifadəçinin abonent və müqavilə məlumatları ilə uyğunlaşdırılması, mövcud məlumatların avtomatik doldurulması, uyğunsuzluq olduqda isə onlayn dəqiqləşdirmə mexanizminin tətbiqi nəzərdə tutulur. Bu yanaşma “yalnız bir dəfə” prinsipinə uyğun olaraq vətəndaşın eyni sənədləri müxtəlif mərhələlərdə təkrar təqdim etməsi ehtiyacını minimuma endirəcək. Yaxın və orta müddətli dövrdə süni intellekt əsaslı istifadəçi dəstəyi də planlaşdırılır. Bu mexanizm sadə sualların cavablandırılması, istifadəçinin müraciət statusunun izah edilməsi, uyğun elektron xidmətə yönləndirilməsi və zərurət olduqda insan operatora ötürülməsi üçün istifadə olunacaq. Süni intellekt yekun hüquqi qərar verməyəcək, lakin vətəndaşa xidmətlər barədə daha sürətli və anlaşılan məlumat təqdim edəcək”.

Sonda vurğulanıb ki, səhmdar cəmiyyətdə planlaşdırılan rəqəmsallaşma tədbirlərinin digər mühüm istiqaməti istehsal obyektlərinin, yəni qazanxanaların texniki istismarına aiddir: “Bir pilot qazanxanada rəqəmsal monitorinq, dispetçer nəzarəti, məsafədən idarəetmə, canlı xəbərdarlıqların tətbiqi, məlumatların arxivləşdirilməsi və xarici hava temperaturuna uyğun avtomatik istilik rejiminin tənzimlənməsinin tətbiqi planlaşdırılır. Pilot uğurlu olarsa, bu yanaşmanın mərhələli şəkildə digər qazanxanalara genişləndirilməsi nəzərdə tutulur. Bu isə yanacaq sərfinin optimallaşdırılması, əməliyyat xərclərimizin əhəmiyyətli dərəcədə azaldılması, nasazlıqların daha erkən aşkarlanması, istismar qərarlarının real məlumatlara əsaslanması və bu minvalla daha effektli olması baxımından əhəmiyyətlidir”.