İyul 17, 2026
Baku
Dünya Xəbərlər

Braziliyadan ABŞ-ın tarif qərarına sərt reaksiya

Braziliya hökuməti ABŞ-ın Braziliyadan idxal edilən bəzi məhsullara 25 faiz gömrük rüsumu tətbiq etmək qərarının Vaşinqtonun ölkənin iqtisadiyyatının strateji sahələrinə dair “məntiqsiz” tələblərinin qəbul edilməməsinin nəticəsi olduğunu bəyan edib.

Braziliyanın xarici işlər naziri Mauro Vieyra paytaxt Braziliyada keçirdiyi mətbuat konfransında ABŞ-ın qərarını tənqid edib.

Nazir bildirib ki, tərəflər arasında problemlərin həlli üçün çoxsaylı danışıqlar aparılıb.

“ABŞ hökumətini narahat edən əsas məsələ Braziliyanın danışıqlar zamanı irəli sürülən həddindən artıq tələblərə və əsassız təzyiqlərə boyun əyməməsi olub”, – deyə Vieyra vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Braziliya iqtisadiyyatının strateji sektorlarının heç bir qarşılıq olmadan Amerika şirkətlərinin üzünə açılmasını istəyib.

“Başqa sözlə, bizdən təslim olmağımız tələb edilirdi”, – deyə nazir əlavə edib.

Vieyra qeyd edib ki, iki ölkə arasında ticarət gündəliyindəki bütün məsələlərin müzakirəsi məqsədilə ötən ilin əvvəlindən bəri müxtəlif səviyyələrdə üzbəüz, onlayn və telefon vasitəsilə 30-dan çox görüş keçirilib. O, Braziliya hökumətinin bu prosesdə həmişə konstruktiv mövqe sərgilədiyini bildirib.

“Dost ölkənin prezidentinə kobud və təkəbbürlü şəkildə hücum edir”

Nazir ABŞ dövlət katibi Marko Rubionun Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanı hədəf alan açıqlamalarına da sərt reaksiya verib.

“(Rubio) dost ölkənin prezidentinə kobud və təkəbbürlü şəkildə hücum edir”, – deyə Vieyra bildirib.

O vurğulayıb ki, son 15 ildə ABŞ Braziliya ilə ticarətdə ümumilikdə 424,5 milyard dollar həcmində xarici ticarət profisiti əldə edib. Bundan əlavə, ötən il ABŞ mənşəli məhsulların 76 faizi Braziliyaya gömrük rüsumu ödənilmədən idxal olunub.

Vieyra Braziliyanın idxalın məhdudlaşdırılması və ticarət güzəştlərinin dayandırılması kimi cavab tədbirlərini nəzərdə tutan Qarşılıqlılıq Qanununu da xatırladıb.

“ABŞ-ın gömrük rüsumlarını əsaslandırmaq üçün irəli sürdüyü bütün iddialar reallıqdan uzaqdır və heç bir əsası yoxdur”, – deyə o bildirib.

Xatırladaq ki, ABŞ administrasiyası “Amerika ticarətinə zərər vuran ədalətsiz təcrübələr”i əsas gətirərək Braziliyadan idxal edilən bəzi məhsullara 25 faiz gömrük rüsumu tətbiq etmək qərarı verib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az