Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Karaca” mağazalarının rəsmi distribütoru olan “Evfemiya” MMC-də qanun pozuntusu aşkarlayıb.
Gundelik.az xəbər verir ki, buna görə də Dövlət Agentliyi iyunun 16-da şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 447.0.9-cu maddəsinə əsasən cərimə protokolu tərtib edib.
Cərimə protokolu şirkət tərəfindən istehlakçıya təqdim olunan sifariş blankına qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarla müqayisədə istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtlər daxil edildiyinə görə tərtib olunub.
Xatırladaq ki, İXM-in 447-ci maddəsi istehlakçıların hüquqlarının pozulması hallarını müəyyən edir. 447.0.9-cu maddədə isə deyilir ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Evfemiya” MMC-nin qanuni təmsilçisi Gəncəli İsmayılovdur.
