Apple yaddaş və saxlama çiplərinin bahalaşması səbəbindən MacBook və iPad modellərinin qiymətlərini dünya üzrə artırıb. Şirkət bəzi noutbuk və planşetlərin qiymətini təxminən 20% qaldırdığını açıqlayıb.
Apple bildirib ki, süni intellekt (AI) məlumat mərkəzləri üçün çiplərə tələbatın rekord həddə çatması elektronika sənayesində görünməmiş vəziyyət yaradıb.
“Heç vaxt komponent qiymətlərinin bu qədər sürətlə və bu qədər yüksək artdığını görməmişdik.”
Şirkət əlavə edib ki, xərcləri azaltmaq üçün müxtəlif həll yolları üzərində işləyir.
Bu açıqlamadan az sonra Xbox da oyun konsollarının qiymətini ikinci dəfə artıracağını elan edib. Microsoft-a məxsus şirkət bunu davam edən komponent böhranı ilə əlaqələndirib.
Avqust ayından etibarən:
Əsas Xbox konsolunun qiyməti 100 dollar artaraq 499 dollara çatacaq.
Daha böyük yaddaşa malik model isə 150 dollar bahalaşaraq 749 dollar olacaq.
Ötən ilin oktyabrında da qiymətlər artırılmışdı. Beləliklə, yeni Xbox konsolları ötən ilin eyni dövrü ilə müqayisədə 30–40% daha baha satılacaq.
Şirkət bildirib ki, yaddaş və saxlama komponentlərinin qiyməti artıq iki dəfədən çox artıb və 2027-ci ilə qədər yenidən ikiqat bahalaşa biləcəyi gözlənilir. Bu isə gələcəkdə yeni qiymət artımlarının mümkün olduğunu göstərir.
Süni intellekt bumunun təsiri
Texnologiya analitikləri bildirirlər ki, süni intellekt sistemlərini işlədən məlumat mərkəzlərinin sürətlə çoxalması yaddaş və saxlama çiplərinə tələbatı kəskin artırıb. Nəticədə təklif tələbi ödəyə bilmir və çiplərin qiyməti yüksəlir. Bunun təsiri isə telefonlardan və planşetlərdən tutmuş kompüterlərə və oyun konsollarına qədər demək olar ki, bütün elektronika məhsullarında hiss olunur.
Dünyanın ən böyük çip istehsalçılarından biri olan Tayvan Semiconductor Manufacturing Company də inflyasiya və artan istehsal xərcləri səbəbindən gələcəkdə qiymət artımını istisna etməyib.
Hansı Apple məhsulları bahalaşıb?
ABŞ-da 1 TB yaddaşa malik MacBook Pro modelinin qiyməti 1 699 dollardan 1 999 dollara yüksəlib.
Böyük Britaniyada isə Apple-ın ən münasib qiymətli noutbuklarından olan Neo modelinin qiyməti qısa müddətdə 599 funt sterlinqdən 699 funt sterlinqə qalxıb.
Apple bildirib:
“İndiyədək bu artımları müştərilərimizə hiss etdirməməyə çalışmışıq. Lakin artıq iPad və Mac daxil olmaqla bir sıra məhsulların qiymətini artırmaq məcburiyyətindəyik.”
Digər şirkətlər də qiymətləri artıra bilər
Bazar araşdırma şirkətlərinin mütəxəssisləri hesab edirlər ki, yaxın aylarda digər kompüter və planşet istehsalçıları da Apple-ın yolunu davam etdirə bilər. Şirkətlər ya qiymətləri artıracaq, ya endirimləri azaldacaq, ya da daha bahalı premium modellərə üstünlük verəcəklər.
Mütəxəssislərin fikrincə, süni intellektə artan maraq nəticəsində çip bazarında yaranan təzyiq səbəbindən 2026–2027-ci illərdə istehlak elektronikası məhsullarının daha da bahalaşması ehtimalı yüksəkdir.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
