Musiqi təkcə əyləncə vasitəsi deyil, həm də insanın beyin və bədən sağlamlığına müsbət təsir göstərən güclü vasitələrdən biridir. Elmi araşdırmalar göstərir ki, musiqi ilə uzun illər məşğul olmaq və ya müntəzəm mahnı oxumaq yaşla əlaqədar yaranan bəzi nevroloji xəstəliklərin riskini azalda, yaddaşı gücləndirə, ağrının hiss olunmasını zəiflədə və insanların ümumi həyat keyfiyyətini yüksəldə bilər.
Hər cümə səhəri İrlandiyanın Limerik şəhərində günəş işığı ilə dolu bir sinif otağında musiqi terapevtləri Keti Makqlin və Enn Bleyk dairəvi şəkildə əyləşən bir qrup insanı qarşılayırlar. Səs məşqləri və nəfəs hərəkətlərindən sonra Makqlin gitarasını götürərək “You Are My Sunshine” mahnısını ifa etməyə başlayır. Bu, adi xor kollektivi deyil. Burada toplaşan insanların hamısını bir ortaq cəhət birləşdirir – onlar ya Parkinson xəstəliyindən əziyyət çəkirlər, ya da bu xəstəliklə yaşayan yaxınlarına dəstək olurlar.
Makqlin deyir ki, xor üzvlərinin problemləri bir-birindən fərqlənir. Kimisində əl titrəməsi müşahidə olunur, kimisi nəfəs almaqda çətinlik çəkir, digərlərinin isə səs problemləri var. Buna baxmayaraq, mahnı oxumaq onların hər birinə müəyyən mənada kömək edir.
Nevrologiya üzrə professor Larri Şerman bildirir ki, insanın ömür boyu musiqi ilə məşğul olması beynin fəaliyyətini yaxşılaşdırmaqla yanaşı, sinir hüceyrələri və onların əlaqələrinin ehtiyatını artırır. Bu isə yaşlandıqca yaranan bəzi nevroloji xəstəliklərin gecikməsinə kömək edə bilər.
Araşdırmalar göstərir ki, Parkinson xəstələri üçün mahnı oxumaq səsin gücünü, tonunu və ümumi danışıq keyfiyyətini yaxşılaşdırır. Musiqiyə əsaslanan digər terapiya üsulları isə hərəkət problemlərinin azalmasına müsbət təsir göstərir.
Makqlin eyni zamanda demensiya xəstələri ilə də işləyir. Elmi tədqiqatlara görə, musiqi terapiyası bu insanlarda idrak qabiliyyətini və epizodik yaddaşı – yəni adları, simaları və keçmiş hadisələri xatırlamaq bacarığını yaxşılaşdıra bilir.
Musiqi terapevti Qreys Medouz demensiyadan əziyyət çəkən bir qadınla bağlı maraqlı hadisəni xatırlayır. Qadın musiqili tədbirdə iştirak edərkən qəfil yerindən qalxaraq rəqs etməyə başlayıb. Baxıcılar həmin ana qədər onun heç vaxt köməksiz hərəkət etdiyini görməmişdilər. Bu hadisədən sonra onlar qadının başqa hansı musiqiləri sevdiyini araşdırmağa başlayıblar.
Alimlər musiqinin beyinə necə təsir göstərdiyini hələ tam müəyyən edə bilməsələr də, məlumdur ki, demensiya xəstələrində musiqi ilə bağlı xatirələr beynin xəstəlikdən daha az zədələnən hissələrində saxlanılır. Parkinson xəstələrində isə musiqinin əsas faydası daha çox hərəkət və danışıq problemlərinin yüngülləşdirilməsində özünü göstərir.
Hətta sağlam insanlarda da uzun müddət musiqi alətində ifa etmək və ya mahnı oxumaq beynin yeni sinir əlaqələri yaratmaq qabiliyyətini artırır və beyin strukturlarını gücləndirir. Yaş artdıqca yaranan idrak zəifləməsinin qarşısını almaqda bu xüsusiyyətlərin böyük rolu olduğu bildirilir.
Danimarkanın Orhus Universitetində aparılan araşdırmada isə musiqi ilə məşğul olan insanların ağrını daha az hiss etdikləri müəyyən edilib. Musiqiçilər çətin musiqi parçalarını öyrənərkən qarşılaşdıqları narahatlığa baxmayaraq məşqləri davam etdirirlər. Alimlərin fikrincə, bu proses beynin mükafat sistemini aktivləşdirir və ağrı siqnallarını zəiflədir.
Mütəxəssislər qeyd edirlər ki, ağrının azalması üçün dəqiq vaxt norması yoxdur. Bununla belə, həftənin əksər günləri gündə 30–45 dəqiqə musiqi alətində ifa etmək və ya məşq etmək faydalı hesab olunur. Burada əsas amil davamlılıq və musiqidən zövq almaqdır.
Araşdırmalar göstərir ki, sadəcə musiqi dinləmək belə əməliyyatdan sonrakı ağrıları azalda, depressiya və narahatlıq əlamətlərini yüngülləşdirə, yuxu keyfiyyətini və ümumi psixoloji vəziyyəti yaxşılaşdıra bilər.
Alimlər xüsusilə vurğulayırlar ki, musiqi ilə birlikdə məşğul olmaq təkbaşına məşğul olmaqdan daha güclü təsir göstərir. Birlikdə mahnı oxumaq zamanı beyində dopamin və endorfin kimi maddələrin ifrazı artır. Bu maddələr insanda sevinc, rahatlıq və qrupa aid olma hissi yaradır.
Musiqi terapiyası üzrə professor Hillari Moss hesab edir ki, qrup halında mahnı oxumaq insanların bir-biri ilə daha tez ünsiyyət qurmasına kömək edir. Onun sözlərinə görə, musiqinin fərqli cəhəti ondadır ki, insan təkcə sözləri deyil, həmin mahnı ilə bağlı hisslərini də yenidən yaşayır və başqa insanlarla birlikdə özünü daha təhlükəsiz hiss edir.
Məqalədə qeyd olunur ki, musiqinin müsbət təsirləri ilə bağlı çoxlu elmi sübutlar olsa da, həkimlər hələ də xəstələri musiqi terapiyasına kifayət qədər yönləndirmirlər. Buna baxmayaraq, Parkinson xəstələri üçün yaradılmış xor qrupları ildən-ilə böyüyür və iştirakçılar musiqinin onların həyatına ümid, sevinc və sosial dəstək gətirdiyini bildirirlər. Musiqi insanın yalnız eşitmə duyğusuna deyil, beyninə, yaddaşına, emosiyalarına və fiziki sağlamlığına da təsir edir. O, yaşlı və gənc fərq etmədən insanların həyat keyfiyyətini yaxşılaşdırmağa, stress və ağrını azaltmağa, yaddaşı gücləndirməyə və insanları bir-birinə daha da yaxınlaşdırmağa kömək edən güclü vasitədir.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
