Səudiyyə Ərəbistanından 2 milyon barel xam neft, İrandan isə təxminən 27 min 500 barel neft məhsulu yüklənmiş iki tanker bu gün Hörmüz boğazından keçib.
ABŞ ilə İran arasında əldə olunan razılaşmadan sonra diqqətlər fevralın 28-dən etibarən ticarət gəmilərinin hərəkətinin demək olar ki, dayandığı Hörmüz boğazına yönəlib.
İki ölkə arasında yekun sazişin hazırlanması üçün 60 günlük danışıqlar müddətini nəzərdə tutan 14 maddəlik razılaşma mətnində belə deyilir:
“İran İslam Respublikası ticarət gəmilərinin Fars körfəzindən Oman dənizinə və əks istiqamətdə yalnız 60 gün müddətində pulsuz və təhlükəsiz şəkildə keçə bilmələri üçün bütün imkanlarını səfərbər edəcək və zəruri tədbirləri həyata keçirəcək.”
Məlumat analitikası şirkəti Kpler-in məlumatlarına əsasən, Səudiyyə Ərəbistanından 2 milyon barel xam neft yüklənmiş Awtad adlı tanker bu gün Hörmüz boğazını keçərək körfəzdən çıxıb. Tanker daşıdığı nefti Cənubi Koreyaya aparır.
İranın İmam Bəndər Xomeyni limanından təxminən 27 min 500 barel çirkli neft məhsulu yüklənmiş Viraj adlı tanker də Hörmüz boğazından keçərək Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edir.
Səudiyyə Ərəbistanı nefti daşıdığı güman edilən Shaden və Jaham adlı tankerlərin də siqnallarını söndürərək Hörmüz boğazından keçdiyi ehtimal olunur. Həmin tankerlər hazırda Oman dənizi sahillərindədir.
Müharibədən əvvəl gündə orta hesabla 130 gəmi keçirdi
ABŞ/İsrail–İran müharibəsindən əvvəl Hörmüz boğazından gündə orta hesabla 130 gəmi keçirdi. Müharibə dövründə bu göstərici əvvəlki səviyyə ilə müqayisədə 90 faizdən çox azalıb.
Hesablamalara görə, müharibənin 100 günü ərzində Hörmüz boğazından təxminən 1000 ticarət gəmisi keçib. Bu isə gündə orta hesabla cəmi 10 gəmi deməkdir.
Hörmüz boğazından keçən ticarət gəmilərinin əksəriyyəti İranın ərazi sularında müəyyən edilmiş marşrutla hərəkət edir və ya boğazdan keçərkən avtomatik identifikasiya sistemlərini (AIS) söndürür.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
