Biz adətən nə yeyəcəyimizə özümüz qərar verdiyimizi düşünürük. Amma əslində hiss orqanlarımız – gözlərimiz, qulaqlarımız, burnumuz və toxunma hissimiz – həm nə aldığımızı, həm də nə qədər yediyimizi daim təsir altında saxlayır. Alimlər deyirlər ki, bu təsiri öz xeyrimizə də istifadə etmək olar.
Bəlkə də bilmirsiniz, amma insan qulaqları ilə də “dad ala” bilir. Məsələn, tavada bişən steykin cızıltısı və ya qazlı içki qutusunun açılarkən çıxardığı səs iştahanızı artıra bilər. Restoranda yemək yeyərkən səslənən musiqinin də yeməkdən aldığınız zövqə təsiri olur.
Böyük Britaniyanın Oksford Universitetinin qida psixologiyası üzrə mütəxəssisi Çarlz Spens deyir:
“Hamımız düşünürük ki, dad yalnız ağızda hiss olunur. Halbuki bütün hiss orqanları bu prosesdə iştirak edir.”
Əslində, biz yeməyi dadmazdan əvvəl beynimiz onun görünüşü, qoxusu, səsi və toxunuşu əsasında müəyyən gözləntilər yaradır. Bu isə çox vaxt fərqinə varmadan baş verir. Gözlərimizdən, qulaqlarımızdan, burnumuzdan və əllərimizdən gələn məlumatlar həm yeməkdən aldığımız zövqə, həm də nə qədər yediyimizə təsir edir.
İnsanlar həmişə məntiqli qidalanmırlar. Xarici təsirlər seçimlərimizi asanlıqla dəyişə bilir. Ancaq araşdırmalar göstərir ki, bu mexanizmləri anlayaraq onları daha sağlam qidalanmaq üçün öz xeyrimizə istifadə edə bilərik.
1. Parlaq qablaşdırmalara aldanmayın
Alış-veriş zamanı gözlərimiz böyük rol oynayır. Məhsulun qablaşdırmasının rəngi, loqosu və hətta parıltısı beynimizdə onun haqqında müəyyən təsəvvür yaradır.
Araşdırmalardan birində məlum olub ki, rəngləri daha canlı göstərilən sağlam qida şəkilləri insanlar tərəfindən daha çox seçilir. Buna “diqqət qərəzi” (salience bias) deyilir – yəni gözə daha çox dəyən şeylər diqqətimizi daha asan çəkir.
Niderlanddakı Vaqeningen Universitetinin marketinq mütəxəssisi Betina Pikeras-Fiszman bildirir ki, qəhvəyi, yaşıl və ağ rəngli qablaşdırmalar insanlara daha sağlam təsir bağışlayır. Qırmızı, sarı, bənövşəyi və parlaq qablaşdırmalar isə daha çox şirniyyat və yüksək kalorili məhsullarla əlaqələndirilir.
Çarlz Spens məsləhət görür ki, peçenye və digər şirniyyatları öz rəngli qablarında deyil, görünməyən, qeyri-şəffaf qabların içində saxlayın. Bu, qəfil şirniyyat yemək istəyinin qarşısını ala bilər.
2. Marketdə yalnız göz səviyyəsinə baxmayın
Məhsulların rəfdə yerləşdirilməsi də seçimlərimizə təsir edir. İnsanlar adətən əllərinin asan çatdığı və ya göz səviyyəsində olan məhsulları götürürlər. Buna “ən az səy prinsipi” deyilir.
Supermarketlər çox vaxt cazibədar qəlyanaltıları kassaların yanında, bahalı məhsulları isə göz səviyyəsində yerləşdirirlər ki, insanlar planlaşdırmadıqları alış-veriş etsinlər.
Bəzi ölkələrdə bu problemin qarşısını almaq üçün yüksək yağ, şəkər və duz tərkibli məhsulların kassaların yanında satılması qadağan olunub. Araşdırmalar göstərir ki, kassaların yaxınlığında meyvələr yerləşdirildikdə insanlar onları daha çox alırlar.
Növbəti dəfə alış-veriş edərkən aşağı və ya yuxarı rəflərə də baxmağa dəyər.
3. Daha ağır qab və qaşıqlardan istifadə edin
Yeməyin hansı qabda təqdim olunması da onun dadına təsir edir.
Məsələn, ağ və dairəvi boşqabda təqdim olunan desert eyni desert qara və künclü boşqabda təqdim ediləndən daha şirin hesab olunur.
Araşdırmalara görə, ağır qabdan yemək yeyən insanlar hələ yeməyə başlamazdan əvvəl özlərini daha tez doyacaqlarını düşünürlər. Ağır qaşıq və çəngəllərdən istifadə edən bəzi insanlar isə yeməkdən daha çox məmnun qalırlar.
4. Boşqabınızı gözəl bəzəyin
Yeməyin görünüşü onun dadını necə qəbul etdiyimizə ciddi təsir göstərir.
Bir araşdırmada salat məşhur rəssam Kandinskinin əsərlərinə bənzər şəkildə düzülmüşdü. İştirakçılar eyni məhsullardan hazırlanan bu salatı daha dadlı hesab etmiş və ona daha çox pul ödəməyə hazır olduqlarını bildirmişdilər.
Mütəxəssislər boşqaba müxtəlif rəngli tərəvəz və göyərtilər əlavə etməyi tövsiyə edirlər. Bu, yeməyi həm daha təzə, həm də daha iştahaçan göstərir.
5. Yavaş musiqi dinləyin
Səs də qidalanma davranışına təsir edir. Buna “səsli ədviyyat” (sonic seasoning) deyilir.
Yavaş musiqi insanın daha asta yeməsinə səbəb ola bilər və asta yemək adətən daha az kalori qəbul etməyə kömək edir.
Yüksək tonlu musiqi yeməkləri daha şirin, alçaq tonlu musiqi isə daha acı dadlı hiss etdirə bilər.
Bundan əlavə, yemək yeyərkən televizora və ya telefona diqqət yetirməmək kalori qəbulunu azaltmağa kömək edə bilər. Təbiət səsləri isə insanları daha ekoloji və sağlam seçimlər etməyə sövq edə bilir.
6. Boşqabın həcmini sağlam qidalarla doldurun
Alimlər müəyyən ediblər ki, insanlar çox vaxt kaloridən asılı olmayaraq eyni həcmdə yemək yeməyə meyllidirlər.
ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin professoru Barbara Rolls deyir:
“Əgər yeməyin həcmini dəyişmədən onun kalori sıxlığını azaltsanız, insan özünü yenə tox hiss edəcək, amma daha az kalori qəbul edəcək.”
Araşdırmalar göstərib ki, yeməklərə gülkələm və ya ispanaq püresi kimi tərəvəzlər əlavə etməklə kaloriliyi 25%-ə qədər azaltmaq mümkündür. İştirakçılar bu fərqi hiss etməyib, amma yenə də tox qalıblar.
7. “Desert üçün həmişə yer var” hissinə diqqət edin
Çarlz Spens deyir ki, biz çox vaxt aclıqdan deyil, ətraf mühitin təsiri altında yemək yeyirik.
Son araşdırmalar göstərir ki, insan artıq tox olsa belə, sadəcə desert görmək onda onu yemək istəyi yarada bilər. Buna bəzən “desert mədəsi effekti” deyilir.
Araşdırmalar göstərir ki, sağlam qidalanmaq təkcə iradə məsələsi deyil. Gördüklərimiz, eşitdiklərimiz, hiss etdiklərimiz və qoxular seçimlərimizə ciddi təsir edir. Bu təsirləri anlayıb düzgün istifadə etməklə daha sağlam qida seçimləri etmək mümkündür.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
